Avqustun 5-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək güləş üzrə gənclər arasında dünya çempionatı üçün Azərbaycan milli komandalarının heyəti açıqlanıb. Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 6 gün davam edəcək yarışın ilk 2 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil edəcək.
Növbəti 2 gün ərzində mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) çıxış edəcək.
Çempionatın son iki günündə isə döşək üzərinə sərbəst güləşçilər çıxacaqlar. Bu zaman böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Umudov rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (66 kq), Məhəmmədhacı Muxutov (74 kq), Nurməhəmməd Hacıyev (84 kq), Səid Həmidov (96 kq) və Oyan Nəzəriani (120 kq) yarışacaq.