"Təqdimat videosuna baxdıqda duyğulandım, çünki "Sea Breeze"də ilk infrastruktur sahəsi kiçik futbol meydançası idi. 20 il əvvəl, öz komandamla birlikdə, burada futbol oynayırdıq".
Sportnet.az xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov "Sea Breeze Arena"nın təqdimat mərasimində çıxışı zamanı deyib.
Ağalarov 10 min tamaşaçı tutumuna malik stadionu "Sea Breeze" üçün əlamətdar gündə təqdim etdiklərini vurğulayıb: "Biz 20 illiyimizi qeyd edirik, burada komandamla da bu barədə söhbət etdik. Bu gün həmin fotolara baxıram. İnana bilməzdim ki, "Sea Breeze" əsl arena əldə edəcək. Bu, bizim böyük və inkişaf edən infrastrukturumuzun əlamətdar hissəsi olacaq".
O tədbirdə iştirak edən Qurban Qurbanov barədə də xoş sözlər söyləyib: "Burada bizimlə birlikdə əyləşən insanı - Qurban Qurbanovu alqışlamağınızı xahiş edirəm. Bütün ölkə, bütün dünya sizin gördüyünüz işləri izləyirdi. Bütün bunlar inanılmaz idi".







































































