O deyib ki, artıq Avropa futbol qurumu Türkiyə "Bursaspor"u ilə Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə azarkeşlərin irqçi davranışı ilə əlaqədar Saçkereni təmsil edən klubu 15 min avro cərimələyib. Üstəlik, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda "Neftçi" ilə keçiriləcək təkrar qarşılaşmada azarkeşlərin iştirakı qismən məhdudlaşdırılacaq. UEFA "Çixura" rəhbərliyindən tribunada 2 sektorun 482 kvadratmetrlik hissəsində irqçiliyə qarşı təsvirin olduğu banner yerləşdirməyi və ora fanatların girişini məhdudlaşdırmağı qərara alıb. Bu isə kluba 10 min lariyə (təqribən 5000 manat) başa gələcək.
Şukakidze Bakıda təxribatçı banner açan azarkeşləri üzündən klubun daha bir cəriməyə məruz qalacağı barədə UEFA tərəfindən məlumatlandırıldıqlarını da əlavə edib. Onun sözlərinə görə, analoji hal hazırkı avrokubok mövsümündə ikinci dəfə baş verdiyindən, cərimə məbləği 30 min avroya yüksələ bilər. "Saçkere" rəsmisi UEFA-nın stadionlardakı rasizm faktları, qadağan olunmuş bannerləri üzə çıxarmaqdan ötrü Böyük Britaniya təşkilatlarından biri ilə işlədiyini də əlavə edib.
Qeyd edək ki, gürcüstanlı azarkeşlər "Neftçi" - "Çixura" matçı zamanı "Bakcell Arena"nın tribunasından Qax və Zaqatalanın da Gürcüstan ərazisi kimi göstərildiyi banner asıblar. Bu isə iki komanda azarkeşləri arasında toqquşmaya səbəb olub. Matç qolsuz tamamlanıb - 0:0.