
"Neftçi”nin Serbiya "Partizan”ına qarşı keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün baş hakimi Robert Şörgenhofer illər öncə də bu klubların oyunlarına təyinat alıb. Spotnet.az-ın məlumatına görə, avstriyalı referi hər iki komanda üçün elə də uğurlu sayılmır.
2007-ci ildən FİFA referisi adı almış Şörgenhofer bir il sonra İntertoto kubokunun III təsnifat mərhələsində "Neftçi"nin Rumıniyada "Vasluy”la keçirdiyi cavab görüşünü idarə edib. Həmin oyunda Azərbaycan təmsilçisi 0:2 hesabı ilə uduzub.
41 yaşlı baş hakimin Azərbaycana ilk səfəri isə 2013-cü ilə təsadüf edib. O, ölkəmizi Avropa Liqasında təmsil edən "Xəzər Lənkəran”ın Polşa "Lex”i ilə ilk qarşılaşmasında fit sahibi olub. Yağışlı hava şəraitində baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Həmin matçda Şörgenhofer "Lex"in futbolçularından birini ikinci sarı vərəqə ilə meydandan qovub.
Bu referi "Partizan” üçün də yad sima deyil. 2010-cu ildə Avropa Liqasının qrup mərhələsinə yüksələn Belqrad təmsilçisi Schörgenhoferin idarə etdiyi oyunda Belçika "Brügge"sinə evdə 2:4 hesabı ilə məğlub olub. Hətta, o, "Partizan”ın bir futbolçusunu da meydandan qovub.
"Partizan” üçün Schörgenhofer uğursuzluğu 2012-2013 mövsümündə də davam edib. Norveçin "Trömse” komandası ilə Avropa Liqasının "pley-off” mərhələsinin ilk görüşündə serbiyalılar 2:3 hesabı ilə uduzublar.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.