
Nə gizlədim: Rusiya - Azərbaycan matçını izləyə bilmədim. Amma vurulan qolları seyr etdim. Bu qolların fonunda oyundan sonra Berti Foqtsun açıqlamaları mənə çox məntiqsiz gəldi. ''Azərbaycanın deyil, Rusiyanın oyunundan çox zövq aldım'' deyir Foqts əfəndi...
Halbuki buraxılan qolları matçdan sonra, sakit başla, peşəkar məşqçi gözü ilə analiz etsəydi, bunu açıq-aşkar görəcəkdi: O qolları Rusiya futbolçuları vurmur. Tam əksinə, azərbaycanlı müdafiəçilər çox həvəskarcasına buraxırlar. Çünkü 3 hava toplarındakı başla qollar həqiqətən də Rusiya futbolçularının ustalıq səviyyəsindən əlavə, Azərbaycan müdafiəçilərinin acizliyini və superhəvəskar hərəkətlərini ortaya bariz şəkildə qoyur. Bütün bunlardan sonra baş məşqçinin rəqib komandanın oyunu barədə xoş sözləri azərbaycanlı futbolçuların psixoloji cəhətdən özlərinə inamının da qeyb olmasına yol aça bilər.
Qaldı ki, hörmətli Foqts Rusiya futbolundan çox keyf alıbsa, o zaman dünya futbol ictimaiyyəti iki ay öncə bitmiş dünya çempionatında niyə bu komandadan keyf ala bilmədi? Xatırlatmaqda fayda var: İtaliyalı Fabio Kapellonun rəhbərlik etdiyi Rusiya yığması DÇ-2014-ün qrup matçlarında çox pis təsir bağışladı və Əlcəzair kimi komandanı özündən irəli buraxaraq, evinə döndü.
Deməli, Rusiya yığmasının Azərbaycan millisinə qarşı sərgilədiyi oyun heç də keyf verməyib. Əksinə, Azərbaycan futbolçuları bu açıq fərqli qalibiyyəti Rusiyaya tam anlamı ilə hədiyyə ediblər...