
"Əvvəllər "Qarabağ" haqda məlumatım yox idi. Amma matçlarına baxdıqdan sonra anladım ki, çox güclü komandadır. Sabah çox çətin oyun olacaq". Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Sent Etyen"inin futbolçusu Jeremi Kleman "Qarabağ"la Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.
O, qələbə üçün əllərindən gələni edəcəklərinə söz verib: "Çox şadam ki, "Sent Etyen"dəyəm. Çünki avrokuboklarda çıxış edəndə gördüyüm atmosferdən zövq alıram. Fikrimcə, komandamızda çoxlu təcrübəli oyunçu var. Qələbə üçün əlimizdən gələni etməyə çalışacağıq".
30 yaşlı yarımmüdafiəçi Bakıda komandaya yaradılan şəraitdən də razılıq ifadə edib: "Yerimiz rahatdır. Hər şey yaxşıdır".
Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.