Bakının AZAL futbol komandasının baş məşqçisi Tərlan Əhmədovun Sportnet.az-a müsahibəsi
- Yeni mövsümdə qeyri-sabit çıxışınızın səbəbi nədir?
- Premyer Liqada hələlik 4 oyun keçirmişik. Lakin komandamız hələ potensialını tam aça bilməyib. 4 oyuna 4 xal qazanmağımızın müxtəlif səbəbləri var. Çempionat cəmi 5 turdur başlasa da, bizim 1 oyunumuz təxirə salınıb. Düşünürəm ki, indidən konkret nəsə demək çox tezdir. Qarşıda bizi uzun yol gözləyir. Məqsədimizə çatmaq üçün imkanlarımız kifayət qədərdir. İndi durub 2 məğlubiyyəti faciəyə çevirmək lazım deyil. İndiyə qədər itirdiyimiz xalları növbəti turlarda artıqlamasi ilə yığmaq olar.
- Hələ 5-6 ay öncə mən sizinlə danışanda "Klub rəhbərliyi yay transferi zamanı istədiyim şəraiti yaradacağına söz verib, lazım olan komandanı yığacağam" demişdiniz. Geridə qalan vaxt ərzində komandanı özünüz dediyiniz kimi formalaşdıra bildiniz?
- Əlbəttə, lazım olan futbolçuları dəvət etdik. 12 yeni oyunçu götürmüşük. Kollektivimiz demək olar ki, yeniləşib. Birdən-birə nəticəyə nail olmaq mümkün deyil. İnkişaf tədricən, oyundan-oyuna hiss olunur. Fikrimcə, komandamız get-gedə daha yaxşı çıxış edəcək. Futbolçuların bir-birilərinə uyğunlaşmaları üçün müəyyən zamana ehtiyac var. İnşallah, qarşıdakı turlarda AZAL lazım olan səviyyəyə çatacaq. Heyətə götürülən bütün futbolçuları məşqçilər korpusu seçib. Burda heç bir problem də yoxdur, sadəcə, futbolçular adaptasiya sarıdan şətinlik çəkirlər. Onu da zamanla həll edəcəyik. Bu proseslərin nə qədər vaxt aparacağı bizdən asılı deyil: elə futbolçu var ki, komandaya tez uyğunlaşır, eləsi də var, əksinə. İndiki halda heyətə cəlb edilən bütün futbolçular komandaya hələ tam uyğunlaşmayıblar. Belədə hansısa nəticədən danışmaq da yersizdir.
- Hazırda komandada hansı mövqedə çatışmazlıqlar var?
- Əsas problemimiz hücum xəttindədir, qol vura bilmirik. Yaratdığımız imkanlardan yararlanmağı bacarmamışıq. Bizə bir balaca çətinlik yaradan budur. Hesab edirəm ki, tez bir zamanda həll edəcəyik. Zədəli futbolçularımız da var idi. Elə birinci turdan sonra Tomi Kostadinov, sonra Ruslan Məcidov sıradan çıxdı. Yoxluqları bizə çətinlik yaratdı. Artıq onlar da sıraya qoşulublar. Məncə, bu problem qısa zamanda həllini tapacaq.
- Bugünlərdə xəbərlər yayıldı ki, AZAL-ın uğursuz çıxış etməsinin səbəbi rəhbərliyin transferlərdə sizə lazımi şəraiti yaratmamasıdır. Bu, doğrudur?
- Yox, gəlin, bu barədə danışmayaq. Çünki çox şeylər yazırlar.
- Təbii ki, mənim borcum məlumatın həqiqi olub-olmadığını dəqiqləşdirməkdir.
- Problem yoxdur. Bilirsən ki, mən heç vaxt qeyri-səmimi olmamışam, həmişə düzünə danışmışam. Sadəcə, o mənada dedim ki, kim ağzına nə gəldi, yazır. Bu yaxınlarda mən də oxudum, guya, klub prezidenti mənimlə görüşüb, qarşıma vaxt qoyub ki, yaxın günlərdə vəziyyəti düzəltməsəm, istefaya gedəcəyəm-filan. Sizə tam səmimi deyirəm ki, prezident Zaur Axundovla mənim görüşüm olmayıb. Zaur müəllimlə bizim söhbətimiz iyunda olub, komandanı yığıb-hazırlamaq üçün mənə bir il də vaxt verib. Rəhbərlik qarşıma nəticə qazanmağı bir ildən sonra qoyacaq. Yoxsa 3-4 tura kimdir ki, məşqçini qovan? Zaur Axundovun özü futbol adamıdır, yaxşı bilir ki, 2-3 aya komanda formalaşdırmaq, uğurlu çıxış etmək, amma nəticə vermək mümkün deyil. Bizim görüşümüzdə söhbət belə olub. Yoxsa 3 - 5 günə nəticə verməlisən, xeyr. O ki qaldı transfer məsələsinə, səmimiyyətimə inanın: qarşımda heç bir problem, maneə olmayıb. Rəhbərlik istədiyim heç bir transferə qadağa qoymayıb. Hamısı boş söhbətlərdir. Adama da pis təsir edir ki, olmayan sözü çıxarırlar. Təmkin Xəlilzadə, Eltun Yaqublu kimi yerli uşaqları mənə kimsə deməyib ki, komandaya götür, köməkçimlə gedib seçmişik. "Qarabağ"dakı həmkarım Qurban Qurbanovla danışıb götürmüşük.
- "Qarabağ"la oyundan əvvəl klubdaxili iclas olub?
- Klubdaxili deyəndə ki, vitse-prezidentimiz Fikrət Hüseynzadə ilə mən olmuşam. Hər oyundan qabaq görüşüb söhbət edirik. Klub prezidentidir, məsləhətlərini, tapşırıqlarını verir. Amma təcili toplantı-filan olmayıb. Həmişəki kimi, adi görüş keçirmişik. Hər bir klubda var, bunu nəyəsə bağlamaq lazım deyil.
- Maraqlıdır, bu iclaslarda keçmiş klub prezidenti, hazırda isə vitse-prezidentiniz Vaqif Qasımov niyə iştirak etmir?
- Niyə axı, bəzi iclaslara gəlir. Aviasiya Akademiyasında işləri olduğundan, həmişə gəlmir.
- Münasibətiniz necədir Vaqif müəllimlə?
- Normal, bizim aramızda heç bir problem yoxdur, nəyə görə də olmalıdı?! Vaqif Qasımov uzun illərdir futbol aləmindədir, futbol adamıdır. Tərlanla Vaqif müəllimin arasında nə problem ola bilər ki...
- Nə bilim vallah, o qədər belə problemlər olur ki...
- Bəli, mən belə şeyləri normal qarşılayıram. O qədər belə xoşagəlməz söz-söhbətlər çıxır, insanlığa yaraşmır. Olan problemin klubdan kənara çıxması, olmayan söhbətin yalandan şişirdilməsi mənasızdır.
- Amma həmin klubdaxili iclasdan sonra "Qarabağ"a böyük hesabla uduzdunuz...
- Bilirsiniz, hesabın 0:3 və ya 0:1 olması əhəmiyyətli deyil. Biz kollektivi təzə-təzə formalaşdırırıq. Amma "Qarabağ" demək olar ki, 6-7 ilin oturuşmuş komandasıdır. Futbolçuları bir-birilərini çox yaxşı tanıyırlar, əla anlaşırlar. Qurban Qurbanov istədiyi komandanı qurub, çox da səviyyəli futbolçuları var. Təsadüfən Avropa Liqasının qrupuna düşməyiblər ki. Hər il "pley-off"a qədər irəliləyirdi, bu movsüm daha uğurlu alındı. Biz də çalışırıq ki, yeniləşmiş komandamızın təcrübəsini artıraq, püxtələşsin. Düşünürəm ki, bir oyunla məsələ həll olunmur. Mübarizə uzunmüddətlidir, "Qarabağ"a məğlubiyyəti özümüzə dərd eləsək, onda gərək çempionatda çıxış etməyək. Qarşıdakı turlarda xal itkilərinin olmaması üçün var gücümüzlə çalışacağıq.
Elvin ƏHƏD