"Qarabağ”ın futbolçusu Namiq Yusifovun Sportnet.az-a müsahibəsi
- Premyer Liqada əsas rəqiblərinizdən olan "Neftçi”dən 3 xal aldınız. Qələbənizi necə şərh edərdiniz?
- Çox çətin oyun oldu. Şükürlər olsun ki, 2 vacib oyunun birincisindən üzüağ çıxdıq. İndi növbə Avropa Liqasında "İnter”lə matça hazırlaşmağındır.
- "Neftçi” "İnter”lə səfərdə bərabərə qalmışdı, "Qarabağ” "Neftçi”ni məğlub edərək İtaliyaya eyni komanda ilə qarşılaşmağa gedir...
- Bu cür müqayisələr bizə yaraşmaz. "Neftçi” İtaliyada qalib gələ də bilərdi, "Qarabağ” bu gün məğlub da ola bilərdi. "Qarabağ” kiməsə görk olsun deyə mübarizə aparmır. "Qarabağ” Azərbaycan üçün mübarizə aparır.
- "Cüzeppe Meatsa”da qələbə şanslarınız nə qədərdir?
- Rəqibimiz Avropada çox təcrübəli komandadır. Heyətində çox güclü futbolçular var. Lakin İtaliyaya məğlub olmaq üçün getmirik. Layiqincə mübarizə aparmağa çalışacağıq.
- Bugünkü oyunda 90 dəqiqə meydanda oldunuz. Çumbinyonun zədəli olduğunu da nəzərə alsaq, "İnter”lə oyunda da start heyətdə yer alma ehtimalınız var?
- Bu, mənim verə biləcəyim qərar deyil. Baş məşqçimiz hansı qərarı qəbul etsə, elə də olacaq. Əsas heyətdə mübarizə aparmağımı istəsə, çıxıb can-başla vuruşacağam.
- "Sumqayıt”la matçdan sonra ümumilikdə 9 oyundur ki, məğlub olmursunuz. Bu seriyanı nə vaxtadək davam etdirməyə qadirsiniz?
- Əslində "Sumqayıt”la oyunda da məğlub olmamışdıq. Bir səhv ucbatından texniki məğlubiyyətlə cəzalandıq. Əlbəttə, uğurlu seriyanı davam etmirmək istəyirik. İnşallah, bu seriyanı ardıcıl qələbələr davam etdirər. Amma unutmamalıyıq ki, məğlubedilməz komanda yoxdur. Məncə, futbolun gözəlliyi də elə budur.
İlkin SULTANLI