Azərbaycanın tanınmış mütəxəssislərindən olan Əfqan Talıbovun Sportnet.az-a müsahibəsi
- Avropa Liqasındakı növbəti oyununda İtaliya "İnter”i ilə qarşılaşacaq "Qarabağ”dan hansı nəticəni gözləyirsiniz?
- Daxili çempionatda yaxşı çıxışın Avropa oyunlarına təsiri var. "Qarabağ” İtaliyaya yaxşı əhval-ruhiyyədə yollanıb. Ölkə çempionatında "Neftçi” üzərində qələbə və "Sent-Etyen”lə oyunda qazanılan bir xal böyük ümidlər doğurur. Ad-sanına görə "İnter” Avropa miqyaslı yarışlarda hegemon görünür. Amma son oyunda "Kalyari”yə böyükhesablı məğlubiyyət onu göstərdi ki, heyətdə çatışmazlıqlar var. Joze Mourinyonun vaxtında olan "İnter”dən əsər-əlamət qalmayıb. "İnter” adiləşib. İtaliyada bir balaca "Yuventus” digərlərini üstələyib. Yoxsa bu ölkənin klubları bu gün Avropada hegemonluq edə bilmir. Daha çox Almaniya, İspaniya klubları öndə gedir. İtaliyada eniş var. "Qarabağ” bu oyunda 1 xalı 4-ə yüksəldə bilər.
- Nəyə əsasən "Qarabağ"ın qələbə qazanmaq iqtidarında olduğunu düşünürsünüz?
- Komandamız artıq İtaliyadadır. Atmosferə uyğun yaxşı məşq keçiləcək. Nə daxili cempionatda, nə də Avropa oyunlarında taktiki cəhətdən "Qarabağ” elə də boşluqlar vermir. Komanda şəklində yaxşı müdafiə olunduqlarından, qapıda qol və təhlükəli vəziyyətlər çox az olur. "İnter” qalib gələcəyi təqdirdə, 6 xalla lider olacaq. "Dnepr” isə "Sent-Etyen”lə oyunda məcburən qələbə qazanmalıdır ki, 3 xalı olsun. Yox, "Dnepr” bu oyunu uduzsa, ikinci olmaq şansı azalır. "İnter” qələbə qazanacağı halda demək olar ki, artıq birinci pillədə möhkəmlənəcək. İkinci pillə üçün vəsiqəni isə "Qarabağ” qazana bilər. Komandamızın bu oyundakı şansı 40 faizdir. Üstünlük təbii ki, "İnter”dədir.
- "İnter” "Qarabağ”ı qeyri-ciddi rəqib kimi qəbul edə bilər?
- Çətin. Təbii ki, indi onlar oyunlara baxır, təhlil edirlər. Görürlər ki, "Qarabağ” Avropa futbolu nümayiş etdirir. Azərbaycan futbol ölkələri sırasında arxalarda olsa da, klublarımızda üəyyən irəlləyişləri görüb hesablaşırlar. Görürlər ki, hansısa "qapazaltı” komanda gəlmir. "Qarabağ”ın burada da, orada da nümayiş etdirdiyi futbolu təhlil edib, ciddi oynayacaqlar. Məncə, onlar "Qarabağ”a "barmaqarası” baxa bilməzlər. "Qarabağ” samballı və cəzalandıran komanda kimi qələmə verilir.
- Hazırki "İnter”ilə iki il öncə "Neftçi”nin qarşılaşdığı "İnter”arasındakı fərq nədir?
- İndiki "İnter”in stabil oyunu yoxdur. Medalçılar sırasına düşə bilmir. Ona görə də son vaxtlar oyunçu dəyişiklikləri, heyətdə problemlər və son oyunlarından bəlli olur ki, əvvəlki səsli-küylü "İnter” yoxdur. Ona görə "Qarabağ”ın çox gözəl şansı var. İmkan tapıb qol vurub, qələbə ilə dönmək böyük sensasiya yaradar. Qrupdan çıxmaq "Qarabağ”ın həm adına, həm də Azərbaycan klublarının Avropada son illər qazandığı uğurlara görə sensasiya olacaq. Mətbuatda futbolçuların açıqlamalarını oxudum. Rahat şəkildə, inamlı gediblər. Onları ayaqəsmə, "İnter”in adı maraqlandırmır. Çıxıb öz oyunlarını oynayacaqlar. Birinci hissənin 15-20 dəqiqəsində qol buraxmamaq lazımdır. Çünki rəqib meydanında ilk 15 dəqiqədə qol buraxmamaq vacib amildir.
- 80 min tamaşaçı tutumuna malik "Cüzeppe Meassa"da belə hal təkrarlana bilər?
- "Cüzeppe Meatsa"da azarkeş çoxluğu olacaq. Ancaq "Kalyari”yə 1:4 hesablı məğlubiyyətdən sonra onlar komandadan bir az inciyiblər. Təbii ki, azarkeşlər "Qarabağ”ı tanımırlar. Bilsələr ki, "Neftçi” təmsil etdiyi ölkənin digər klubudur, tez təhlil edəcəklər. "Neftçi”nin ordakı inamlı oyunu ”İnter”i düşünməyə məcbur etmişdi. "Qarabağ” da bu oyunda bir xal götürsə yaxşıdır, amma qalib gəlib xallarını 4-ə çatdırsa, bu, artıq əladır. Belə olan halda qrupdan çıxmağa şansımız yaranır.
- "Qarabağ”ın heyətindəki itkilər oyuna təsir edəcək?
- Belə bir deyim var: ansambl tam heyətlə olmayanda axsamalar olur. Nə qədər desək ki, ehtiyatda onları əvəz edəcək oyunçular var, müəyyən dərəcədə təcrübə və bir-birini meydanda anlama amili öz sözünü deyir. Yoxsa Danilo Diası, Rəşad Sadıqovu, Çumbinyonu Namiq Yusifov, Muarrem Muarrem, Vüqar Nadirov əvəzləyəcək. Ancaq bir balaca təcrübə amili var. Mən son oyunlarda Muarrem Muarrem və Vüqar Nadirovu qeyd edərdim. Çox yaxşı oyun nümayiş etdiriblər.
Nadirov son oyunlarda meydana çıxır və qol vurur. Fikrimcə, orada Reynaldo ilə Muaremin qarşısını almağa çalışacaqlarsa, Nadirov nəsə edə bilər. Çünki Vüqara qol vurmaq istəyi gəlib. Amma Leroy Corc heç nə ilə fərqlənmir, enişdədir.
- Bəs heyətdə hansı mövqelərdə çatışmazlıqlar görürsünüz?
- Mən "Qarabağ”ın son oyunlarını izləmişəm. "Neftçi” ilə oyunu baxdım. Hesabı 3:0 edəndən sonra "Qarabağ” əks-hücumda oynamağa başladı. Amma 0:0 olan vaxtda boşluq mərkəzdə idi. "Neftçi”nin futbolçusu Ernest Nfor ötürmələri rahat qəbul edirdi və çevrilməyə imkan tapırdı. Məsələn, Maksim Medvedev rəqib futbolçuya topu qəbul etməyə imkan verirdi və sonra cərimə edirdi. Amma "İnter”lə oyunda elə çərimələr etmək olmaz. Ona görə qanadlarda Medvedey və Ansi Aqolli diqqətli olmalıdır. Bir də mərkəzdə Rəşad Sadıqovun yerinə Bədavi Hüseynov oynayacaq. Onunla Admir Teli Axırıncı oyunlarda özlərinə gəliblər. Yəni bir -birini meydançada müəyyən dərəcədə başa düşürlər. "İnter” "Qarabağ”ın "Sent Etyen”lə də, ölkə çempionatında da keçirdiyi oyunlarını izləyib, boşluqların harda olduğunu tutmağa çalışacaq. Heç bir narahatlığa səbəb yoxdur. Rahat şəkildə çıxıb meydana oyun nümayiş etdirmək lazımdır. Uşaq səhvləri buraxmaq olmaz. Burada onlar bağışlanılmır. "Qarabağ”ın İtaliyadan ən azı heç-heçə il qayıdacağını gözləyirəm.
Röya KƏRİMLİ