
Avroliqanın qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Dnepr" - "Qarabağ" oyununu idarə edəcək hakimlər açıqlanıb. Sportnet.az-ın məlumatına görə, matçın çexiyalı baş hakimi Libor Kovarik azərbaycanlı azarkeşlərə tanış simadır.
2006-cı ildən FİFA referisi olan ədalət təmsilçisi 1-ci kateqoriyalı hakimdir. O, 2012-ci ildə "Neftçi"nin Avroliqa oyununun baş hakimi olub. Serbiya paytaxtı Belqradda baş tutmuş Avropa Liqasının qrup oyunu, yadınızdadırsa, qalmaqalla yekunlaşmışdı. Həmin qarşılaşmada serb fanatlar "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçi fitə basaraq təxribata çəkmişdilər. Azarkeşlərə sərt reaksiya verən qolkiper isə oyundan sonra "Partizan"nın qapıçısı Vladimir Stoykoviçlə əlbəyaxa olmuşdu. Qalmaqallı matçda Kovarik 6 futbolçuya sarı vərəqə göstərib.
İxtisasca maliyyə tədqiqatçısı olan 38 yaşlı referinin son rəsmi oyunu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oynanılmış San Marino - Litva matçı olub. Həmin oyunda baltikalılar 2:0 hesabı ilə qalib gəliblər.
Kovarikin cari avrokuboklarda son rəsmi görüşü isə oktyabrın 2-də Avroliqanın qrup mərhələsində "Astra" - "Zalsburq" dueli olub. Çempionlar Liqasının pley-offunda məhz "Qarabağ"a qalib gəlmiş Avstriya klubu bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
Qitəmiqyaslı yarışlarda 2014-cü ildə 9 rəsmi oyun idarə edən Libor, cari il, ümumilikdə 22 qarşılaşmada ədaləti qoruyub. Sərt idarəçiliyə meylli olmayan referi bu oyunlarda 64 sarı, 6 qırmızı vərəqədən istifadə edib.
İngilis və alman dillərini bilən çexin hobbisi futbolla yanaşı, film izləmək və müasir memarlıq nümunələridir.
Qeyd edək ki, saat 00:05-də start götürəcək "Dnepr" - "Qarabağ" görüşü oktyabrın 23-də Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək.