Bu gün
Ağdamın "Qarabağ" komandası Tofiq Bəhramov adına Respublika
Stadionunda Avropa Liqasının qrup mərhələsində Ukraynanın "Dnepr"
klubunu qəbul edəcək. Sportnet.az-ın məlumatına görə, təmsilçimizin azarkeşlərə böyük sürprizlər
və Azərbaycanda ilklər reallaşdıracağını bildirib.
Komandanın meneceri
Arif Əsgərov bu gün keçiriləcək oyun barədə ən son məlumatları klubun rəsmi
saytında müsahibəsində bildirib:
Asif bəy, Avropa Liqası çərçivəsində "Sent Etyen"lə Bakıda keçirilən matçın Milli Musiqi Gününə təsadüf etməsi komandanızın buna biganə qalmaması ilə yekunlaşmışdı. Hələdə stadionda dalğalanan böyük Azərbaycan bayrağı qürur mənbəyimiz olmaqla yanaşı, Koroğlu uverturasının sədası qulaqlardan çəkilməyib. Bəs, bu gün "Dnepr"ə qarşı keçiriləcək oyunda hansı yeniliklər olacaq?
-Qeyd etdiyiniz kimi, "Sent Etyen"lə oyunda böyük Azərbaycan bayrağının açılması fəxr ediləsi durum idi. Bu fonda Koroğlu uverturasının səslənməsini hər kəs ayaq üstə alqışladı. Bu Azərbaycanda ilk idi. Bunu "Qarabağ" adi azarkeşləri ilə reallaşdırdı. Yəni, əvvəlcədən heç bir məşq edilməmişdi. Azarkeşlərimizə inandıq, onlara güvəndik və sağ olsunlar ki, onlar da bayrağımızın bu şəkildə dalğalanmasına imkan yaratdılar. Bu oyunda da bizim bəzi planlarımız var. İstəyirik ki, stadiona gələn azarkeşlər komandamızın oyunu ilə yanaşı, orada olacaq yeniliklərin də bilavasitə iştirakçısı olsun. Və bu yeniliklər onları təəccübləndirsin. Bu gün baş tutacaq oyunda "Qarabağ" futbol klubunun böyük bir formasının dalğalanmasına nail olmaq istəyirik. Amma, bu formanın stadiona gəzdirilməsini yox, stabil bir sektorda açılmasını istəyirik.
Niyə məhz formanın meydanda açılmasını istədiniz?
-Hərdən komandanın oyunun fonunda ona dəstək olan insanları, sponsorları unudurq. Artıq 13 ildir ki, "Azərsun Holdinq" "Qarabağ"a dəstək olur. Əlbəttə hər bir işin reallaşmasında başlıca amillərdən biri maliyyədir. "Qarabağ" başda Abdolbari Gozəl, Tahir Gözəl olmaqla, onların dəstəyi ilə bu günlərə gəlib çıxıb. UEFA-da keçirdiyimiz oyunlarda da formamızın üzərində baş sponsorumuz olan "Azərsun Holdinq" imzası var. Bu dəfə bunu ön planda tutmağa çalışdıq.Klubumuzun direktoru Əmrah Çəlikəlin ideyası ilə biz də istədik ki, "Qarabağ" klubu bu dəfə oyunu ilə, sponsorları və azarkeşləri ilə tam bütöv şəkildə Azərbaycan futbolunun siması olsun. Bundan əlavə hər bir oturacaqda "Qarabağ" klubunun bayrağı olacaq. Azarkeşlərdən xahiş edirik ki, həmin bayraqlara hörmətlə yanaşsınlar. O bayraqlar da stadionda tam bir görüntü təşkil etmək məqsədi ilə paylanılacaq. Eyni zamanda 50-yə yaxın "Qarabağ" loqolu müxtəlif dizaynlı böyük bayraqlar da düzəldilib. Azarkeşlər olan bölümlərdə bu bayraqlar Avropa havasının Tofiq Bəhramov adına Respublika stadionuna gətirilməsi kimi dəyərləndirilə bilər. Məqsəd, rəqibin Azərbaycanda "Qarabağ" komandası ilə oynadığını hiss etdirməkdir.
Bilet satışında əvvəlki oyunlarda yaşanan problemin də öhdəsindən gəldiniz. Yəni, "qara bazar" deyilən sindromu da "Qarabağ" yıxdı...
-Bəli,
"qara bazar"la yanaşı, biletlərin kopyalanması ilə da rastlaşmışdıq. İş
o səviyyəyə çatmışdı ki, media bölümünə verilmiş biletlərin kopyası başqa bir
mətbəədə çap olunub, saxta halda satılmışdı. Bu da bir yerə iki biletin olması
ilə nəticələnmişdi. Bunu da nəzərə alaraq, bileti başqa bir yerdə, onun üzərinə
vurulan holoqramı isə xarici ölkələrin birində çap elətdirdik. Həmin holoqramın
üzərində "Qarabağ" loqosu var. Bu Azərbaycanda olan ən keyfiyyətli
holoqramdır və kopyası qeyri -mümkündür. Yəqin ki, siz özünüz də şahidi
olursunuz ki, "qara bazar" artıq demək olar ki, yoxdur. İndi hər
hansı bir qorxumuz da yoxdur ki, kimsə qanunsuz bilet buraxa bilsin.
Avropa ilə müqayisədə biletlərin qiyməti Azərbaycanda çox ucuzdur. UEFA-dan bununla bağlı hər hansı bir narazılıq bildirilib?
-
Bəli, UEFA bizi sıxır ki, biletlərin qiymətini çox ucuz qoyursunuz. Amma,
2008-ci il təcrübəsindən də bilirsiniz ki, "Valetta" ilə oyunda hətta
qapıları açdıq ki, azarkeşlər gəlib oyuna baxsınlar. Hörmətli Abdulbari Gözəl,
Tahir Gözəl və Əmrah Çəlikəl "Qarabağ"a könül verən azarkeşlərimizin
komandalarına yaxın olması üçün əllərindən gələni edir. Amma, bəzi qanunlar var
ki, onların da tələblərindən çıxa bilmirik. Buna görə kluba cəza verilir. Həmin
dövrdə də xəbərdarlıq almışdıq. Şükür olsun ki, futbolumuz da inkişaf edir. Biz
də komanda olaraq əlimizdən gələni edirik ki, bütün təbəqədən olan
azarkeşlərimiz gəlib oyunu izləyə bilsinlər.
Gəlin, açıq danışaq ki, bu vaxta kimi olan oyunlar zamanı azarkeşlər yalnız oyun günü kassalara yaxınlaşıb bilet alırdılar. Ancaq, indi "Qarabağ"ın oyunları üçün bilet satışının rəsmən elan olunması ilə birlikdə kassaların qarşısında bilet növbələri yaranır..
-Haqlısınız.
Mən deyərdim ki, "Qarabağ" Azərbaycanda daha bir futbol
mədəniyyətinin inkişaf etməsinə çalışır. Bütün futbol ictimaiyyəti də
təsdiqləyə bilər ki, Azərbaycanda futbola gediş prinsipi var idi. Oyun günü
matça gələn vaxt bilet alıb, stadiona daxil olurdular. Bu zaman da heç bir
problem yaşanmırdı. Amma, "Qarabağ"ın son illər göstərdiyi nəticələr
bu prinsipi alt-üst edib. Azarkeşlərə qələbə ruhu aşılandığından, demək olar
ki, bilet satışa çıxarılan ilk gün stadiondakı yerlərə ayrılmış biletlərin
yarısı satılır. Hər kəs bilir ki, son günə saxlasalar ya istədiyi yerə bilet
tapa bilməyəcək, ya da ümumiyyətlə bilet tapa bilməyəcək.
"Qara bazar"la mübarizə aparan bir komanda olaraq Avropa təcrübəsindən biletlərin saytınız vasitəsilə online satışını təmin etməyi düşünürsünüz?
-Gəlin
zamanı qabaqlamayaq. Bizim qarşıda çox yeniliklərimiz və planlarımız var. Bu
oyundan sonra saytımız vasitəsilə fan-shop fəaliyyət göstərəcək və
"Qarabağ"ın məhsullarının online satışı təşkil olunacaq. Başqa
klublar bunu fərqli çatdırılma kimi həyata keçirir. Amma, biz online olaraq
internet vasitəsilə, kredit kart ödəniş sistemi ilə satış təşkil edəcəyik. Bilet
satışı da bizim planlarımız içərisindədir.
Dünən komandaların məşqi zamanı diqqətimi çəkən bir məqam da o oldu ki, stadionun girişində Qarabağın loqosu yazılmış fan-shop qurulmuşdu. Bu nə məqsəd daşıyır?
-Avropada
keçirilən oyunlara diqqət yetirsəniz, şahidi olarsınız ki, azarkeşlər
komandalarının rəngləri ilə sifətlərini boyayıb oyuna tamaşa edirlər. Bizdə isə
bəzi azarkeşlər öz şəxsi təşəbbüsləri ilə bunu edirlər. Biz də belə qərara
gəldik ki, bir ilk reallaşdıraq. Bu gün baş tutacaq oyunda istənilən azarkeş
simvolik bir məbləği ödəməklə "Qarabağ" komandasının rənglərini və ya
Azərbaycan bayrağını öz sifətinə çəkərək komandanın yanında olduğunu hiss
etdirə bilər. Yəni, burada məqsəd gəlir əldə etmək deyil. Dediyim kimi, həmin
rəqəm simvolik xarakter daşıyır. İstəyimiz azarkeşlərin bu aksiyaya qoşulmasını
təmin etməkdir. Bununla da stadionda olan görüntünu, azarkeş birliyini nümayiş
etdirə bilərlər.
O zaman deyə bilərik ki, "Qarabağ" artıq Avropalaşıb...
-
Elə olmağa çalışırıq. İnşallah ki, azarkeşlərimiz də buna istəklə yanaşarlar. Oyuna
gələn azarkeşlər də həmin fan-shopdan faydalana bilər. Bu yöndə də bir ilki
reallaşdırdıq. İndiyə kimi, müxtəlif mağaza və ya fan-shoplarda komandanın
forması satılsa da, bunlar orijinala yaxın formalar idi. Amma, biz belə qərara
gəldik ki, həmin fan-shopda orijinal "Qarabağ" formalarını
azarkeşlərimizə təqdim edək. Ona görə də, xaricdən sifariş verdiyimiz formalar
gətirdik. Hələki, bu formalar məhdud saydadır. Çünki, azarkeşlərimzin buna
marağını, istəyini yoxlamaq istəyirik. Bu fan-shoplar stadionun girişində və
VİP bölməsində fəaliyyət daşıyır. Hələ qarşıda "İnter"lə oyunumuz da
var. Ona görə də, bu sınaq məqsədi daşıyır.
Bu formalarda futbolçuların adları yazıllıb?
-Bu yöndə də bir
ilki reallaşdıracağıq. Sabah, həmin formanı
alan hər bir kəs öz adını və istədiyi nömrəni yazdıraraq stadionda oyunu izləyə
biləcək. Yerində və çıx qısa vaxtda. Bu ən çox 15 dəqiqə vaxt alacaq. Bu
prossedur da Azərbaycanda həyata keçirilən bir ilk olacaq. Avropa təcrübəmiz də
göstərir ki, klubların azarkeşləri də buna çox həssas yanaşırlar. Stadiona
gedən yol boyu azarkeşlər komandanın formasını geyinmiş halda ora yollanırlar. Bu
da birliyi, komandaya dəstəyi nümayiş etdirir. Həqiqətən insanda qürur hissi
yaradır. Arzulayıram ki, bizdə də hər kəs artıq stadiona daxil olanda
azarkeşlərin formasının rəngindən onların "Qarabağ" dəstəkçiləri
olduğunu elə ilk baxışdan-görüntüdən anlasın.
Fan-shop yalnız forma satışını həyata keçirəcək?
-Xeyr, burda
"Qarabağ"a aid müxtəlif aksesuarlar da olacaq. Məsələn, Azərbaycanın
heç bir klubuna aid olan telefon qabları, örtükləri yoxdur. "Qarabağ"
bu işdə də ilk addımı ataraq, mobil telefonlar üçün üzlüklər təqdim edəcək. Həmin
üzlüklər məhz "Qarabağ" yazılı və "Qarabağ" loqolu olacaq.
Bəs, "Qarabağ"a xas olan hər hansı üst geyimləri təqdim olunacaq?
-Azarkeşlərimiz
üçün papaqlar da hazırlanıb. Bundan başqa, Avropadakı oyunlarda hər qarşılaşma
üçün xüsusi şərflər buraxılır. Biz də bu təcrübədən yararlanaraq bu gün baş
tutacaq "Qarabağ" - "Dnepr" qarşılaşması üçün özəl şərflər
hazırlamışıq. Həmin şərflərin bir yarısında "Qarabağ", digər
hissəsində isə "Dnepr" yazıları var. Bunda da məqsəd, gələcəkdə həmin
azarkeşlər üçün bu oyundan bir xatirənin qalmasıdır.
Fərqli bir məsələyə diqqət çəkmək istəyirəm. Son "Sent Etyen" oyunu ilə müqayisədə bu gün baş tutacaq Dnepr qarşılaşmasına diqqət və nəzarət daha böyükdür. Bu media nümayəndələri üçün məhdud yerlərin ayrılmasında da özünü göstərib. Buna səbəb nə olub?
-UEFA-nın
tələbləri qrup mərhələsi üçün fərqlidir və biz bu tələblərin qarşısında aciz
qalırıq. Buna görə də, bu gün baş tutacaq oyunda media nümayəndələrindən həm
xahişim var, həm də onlara yeniliyimiz var. UEFA-da Azərbaycanda fəaliyyət
göstərən idman saytlarının demək olar ki, hamısının siyahısı var. Hətta bəzi
qeyri - idman saytlarının, hansıki onların da idman bölmələri var, bunu da
bilirlər. Belə olan halda, idman yönümlü mətbuat orqanlarından maksimum iki
nəfərin akreditsiyadan keçməyini tələb edirlər. Çünki, deyək ki, bir saytda 5
nəfər qeydiyyatdan keçsə də, heç də bunların hamısı həmin vaxt jurnalist kimi
işini görmür. Yəni, həmin saytdan bir, ya iki nəfər oyun zamanı məlumatları
çatdırır, digərləri isə oyunu izləyib, sonrakı yazılarında bunu qələmə alırlar.
Biz də UEFA-nın tələbini nəzərə alaraq, media bölümünü iki hissəyə ayırdıq. Bir
hissədə həmin vaxt işləyəcək jurnalistlər, hansıki onlara akreditasiya verilib,
digər bölmədə isə Qarabağa azarkeşlik edib. oyunu analiz edən və sonra bu
barədə fikirlərini yazacaq həmkarlarınız. Həmin jurnalistlərə isə media-qonaq
biletləri təqdim olunub. Bundan əlavə, media bölümündə qeydiyyatdan keçmiş
jurnalistlər üçün fasilə zamanı VİP bölmədə təqdim olunan qəlyənaltının eynisi
onlar üçün də təşkil ediləcək. Yəni, fasilə zamanı vəsiqəsi olan jurnalistlər
media nümayəndələri üçün ayrılmış kafedə qəlyənaltı edə bilərlər. Hər
zamankından fəqli olaraq, bu dəfə müxtəlif qəlyanaltılar təklif olunacaq.
Sonda azarkeşlərə sözünüz..
- Azareşlərimizdən bu gün komandamızı sona qədər dəstəkləmələrini istəyirik. Azarkeş futbolun gözəlliyidir. Futbolçularımızın, komandamızın ürəkdən dəstəyə ehtiyacı var. Onlar həmin azarkeşlərdən güc alaraq Avropada yeni tarix yazmaq istəyir. Biz də klub olaraq həm çempionat oyunlarımızda, həm də Avropa Arenasında daim yanımızda olan azarkeşlərimizə təşəkkür edirik.