Klubun vitse-prezidenti Tahir Süleymanov bu yaxınlarda saytımıza açıqlamasında Yunuszadəyə Polşa klublarından rəsmi təklif gəldiyini bildirib. Amma 22 yaşlı futbolçu Türkiyə Superliqası klublarının da onunla maraqlandığını bildirib. Gənc müdafiəçinin sözlərinə görə, həmin klublar ötən mövsümü ilk "10-luq"da başa vuranlardır: "Mənə klub səviyyəsində rəsmi təklif göndərənləri də var. Hazırda menecerlər səviyyəsində danışıqlar gedir. Amma hələ ad çəkmək istəməzdim".
Yunuszadə hələ "Neftçi” ilə 1 illik müqaviləsinin olduğunu xatırladaraq, hələlik öz klubunu düşündüyünü bildirib: "Amma qismət olsa, başqa kluba da keçə bilərəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Klub prezidenti Sadıq Sadıqovun özü də Avropaya getməyimizin tərəfdarıdır. Ona görə də inanıram ki, "Neftçi"dən getməyimə şərait yaradacaqlar".
Elmar VƏLİYEV