Türkiyə I Liqasında XXIV turun növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, bugünkü ilk 2 qarşılaşmada azərbaycanlı futbolçuların klubları üz-üzə gəlib.
Daha çox diqqət mərkəzində olan oyun lider "Kayserispor"la aşağı pillələrdəki "Altınordu" arasında baş tutub. Qapıçı Kamran Ağayev meydan sahiblərinin, müdafiəçi Timur Temeltaş isə "Altınordu"nun start heyətində meydana çıxıb. Ağayev sonadək çıxış etdiyi halda, Temeltaş 79-cu dəqiqədə yerini Taha Balçıya verib. Görüş isə "Kayserispor"un qələbəsi ilə yekunlaşıb - 1:0. Nəticədə Ağayevin komandası xallarını 50-yə yüksəldərək, liderliyini möhkəmlədib. "Altıniordu" isə 26 xalla 14-cü pillədə qalıb.
Digər görüşdə isə nə Vaqif Cavadov "Boluspor"un, nə də Rail Məlikov "Dənizlispor"un start heyətində meydana çıxıb. Cavadov 80-ci dəqiqədə oyuna girsə də, Məlikov ümumiyyətlə, oyunun iştirak ərizəsinə salınmayıb. Görüş isə "Dənizlispor"un qələbəsi ilə yekunlaşıb - 1:0. Bu nəticədən sonra "Boluspor" 31 xalla 10-cu, "Dənizlispor" isə 21 xalla 17-ci pillədə qalıb.
Qeyd edək ki, tura martın 16-da Mahir Şükürovun komandası "Karşıyaka" və Branimir Subaşiçin yer aldığı "Manisaspor" arasındakı qarşılaşma ilə yekun vurulacaq.