
Polşanın Valbrzix şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, bu yaş kateqoriyası üzrə ilk dəfə keçirilən qitə birinciliyinin 5-ci yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Onlar 59, 71, 80 və 98 kq çəki dərəcələrində çıxış ediblər. Azərbaycan təmsilçilərindən yalnız
59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli medal şansını qoruya bilib. O, ilk görüşlərindən Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Əzizli Avropa çempionatının bürünc medalına sahib olub. Beləliklə, yığmamız günü 1 medalla tamamlayıb.
59 kq
1/8 final - Eldəniz Əzizli - Beliak Yahor (BLR) 8:0
1/4 final - Knipli Csongor (HUN) - Eldəniz Əzizli 0:9
1/2 final - Eldəniz Əzizli - Viktor Ciobanu (MDA) 2:6
Bürünc medal görüşü - Eldəniz Əzizli - Tamaş Nad (SRB) - 6:1
71 kq
1/16 final - Mixal Kosla (POL) - Ceyhun Əliyev 4:7
1/8 final - Ceyhun Əliyev - Aleksey Kiyankin (RUS) 0:4
80 kq
1/8 final - Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov 3:2
98 kq
1/4 final - Orxan Nuriyev - Peter Ohler (GER) 3:3*
Qeyd edək ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc medal (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik (55 kq)) və 2 bürünc medal (Solmaz Həşimzadə (53 kq) və Elmira Qəmbərova (63 kq)) qadın güləşçilərin payına düşüb.