
Martın ortalarında Türkiyənin Antalya şəhərində keçirilmiş İslam Həmrəyliyi İdman Federasiyalarının ağırlıqqaldırma üzrə III çempionatında Azərbaycan milli komandasının 2 üzvü iştirak etməyib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, Həmid Qocayevlə Rauf Nəbiyev Antalyaya aparılsa da, yarışa buraxılmayıb.
Bu da müəyyən şübhələrə yol açıb. Bildirilir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən dopinq yoxlanışı aparılarkən, Qocayevlə Nəbiyev testdən keçə bilməyiblər. Nəticədə onlar "körpücük" üzərinə çıxmayıblar.
Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə "Report"a açıqlamasında bildirib ki, 2 idmançının dopinq-testdən keçə bilməməsinə dair heç bir bilgiyə malik deyil. Onun sözlərinə görə, belə bir hal baş verdikdə Beynəlxalq Antidopinq Agentliyi tərəfindən Gənclər və İdman Nazirliyinin müvafiq sektoru da məlumatlandırılır. Bununla belə, İ.Rüstəmzadə məsələnin Milli Olimpiya Komitəsi nəzdində yaradılan Antidopinq Komissiyasının aprelin 6-da keçiriləcək iclasında müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, nazir müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi komissiyanın iclasına Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndəsi və yığmanın baş məşqçisi də dəvət olunacaq: "Onlardan Qocayevlə Nəbiyevin yarışa aparıldığı halda, "körpücüy"ə buraxılmamasının səbəbi soruşulacaq. Bu, zədə ilə bağlı idisə, niyə aparırdılar? Çünki dövlətin vəsaiti sərf olunub. Həqiqətən də dopinq aşkarlanıbsa, buna görə izahat verilməlidir".
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın 18 ağırlıqqaldıranı dopinq-testdən keçə bilmədiyi üçün ən azı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.