
Gürcüstan yığmasının yeni baş məşqçisi Kaxaber Tsxadadze ilə Tiflisdəki restoranlardan birində ilin yekunlarına həsr olunmuş mərasim zamanı rəsmi müqavilə bağlanılıb. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssislə anlaşmaya Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava qol qoyub.
Mərasimdə çıxış edən Tsxadadze onu isti qarşılayanlara və yığmaya buraxan Bakının "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyevə minnətdarlıq edib. O deyib ki, məhz Hacıyevlə görüşündən sonra millidə işləməsi mümkün olub. Təcrübəli mütəxəssis yığmanı böhrandan çıxarmaq üçün bütün mümkün olanı edəcəyini söyləyib: "Hamıdan xahiş edərdim ki, çətin situasiyadan birgə çıxaq. Futbolçulara müraciət etmək istərdim: onlar çox yaxşı oyunçudurlar, Avropa və dünya çempionatlarında çıxış edə bilərlər. Milli komandanın baş məşqçisi olmaq böyük şərəfdir, çünki vətənə xidmət imkanı qazanırsan. Mən yığmaya yaşından asılı olmayaraq, konkret matça hazırlıqlı futbolçuları çağıracağam. İyunun 1-dən yalnız yığmada çalışacağam və Polşa ilə qarşılaşmayadək Avropada 1 həftəlik təlim-məşq toplanışı keçəcəyik".