
“Yarış kişi şahmatçılardan ibarət Azərbaycan komandası üçün sabit alındı".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilmiş şahmat üzrə komandalar arasında Avropa çempionatının yekunları ilə əlaqədar qurumun rəsmi saytına açıqlamasında deyib.
Federasiya rəhbəri kişi şahmatçılardan ibarət Azərbaycan komandasının nəticəsindən razı qaldığını bildirib: Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüf ki, IX turda istədiyimiz nəticə alınmadı. Ümumiyyətlə, şahmatda son turun öz qəribəlikləri var. Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar Məmmədyarov son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdı, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi".
AŞF prezidentinin fikrincə, digər şahmatçılardan Rauf Məmmədov və Aydın Süleymanlı Ukrayna ilə qarşılaşmada gözəl qələbə qazanıblar, Məhəmməd Muradlı isə gözlənildiyi kimi çıxış edərək komandaya kömək etməyə çalışıb. Onun sözlərinə görə, Eltac Səfərli üçün çempionat sanki intibah turniri kimi keçib: "Eltac üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medal qazandı, həm də reytinqini artırdı. Şahmatçımız Teymur Rəcəbovun kapitanlığı təqdirəlayiq olduğunu qeyd etməliyəm. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə qızıl medal daha yaxşı nəticədi. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi”.
AŞF rəhbəri Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bildirib: “Turnir onlar üçün enişli-yoxuşlu oldu. Rəqib komandalara xeyli xal payladılar. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Yarışa onlarla birgə məşqçi heyəti Nicat Abasov və Qədir Hüseynov da yollanmışdı. Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik. Ayan Allahverdiyeva üçün milli komandada ilk çempionat kimi yadda qaldı. Bir partiyada tamamilə udulmuş vəziyyətdə qəflətən məğlub oldu. Bu amil sonrakı oyunlarına təsirsiz ötüşmədi. Bununla belə biz Ayanın yüksək potensialını görürük. Ülviyyə Fətəliyeva özünü komandanın əsl lider kimi göstərdi. Xanım Balacayeva və Gövhər Beydullayevanın üstünlüklərini reallaşdırmadıqları, sona çatdırmadıqları partiyaların sayı çox oldu. Gülnar Məmmədova qitə çempionatını çox yaxşı keçirdi. Son turda oynamasaydı öz lövhəsində birinci yerə çıxacaqdı".
Məmmədov bildirib ki, ümumilikdə komandada realizə olunmayan məqamların kifayət qədərdir: "Azərbaycan komandası öz böyük potensialını göstərdi. Fikrimcə, optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalı və daha çox işləməliyik”.