Bakının Suraxanı rayonundakı Yeni Günəşli qəsəbəsinin "D” yaşayış sahəsi ərazisində Şahmat Məktəbinin açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qatılıblar.
Şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.
2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 m2, ümumi sahəsi isə 963 m2, həcmi 3724 m3 təşkil edir.
Şahmat Məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar var. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.
Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.
Eyni zamanda Şahmat Məktəbinin təminatı üçün ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana inşa edilib. Bina müasir ventilyasiya, kondisioner, işıqlandırma, istilik, yanğın xəbərverici siqnalizasiya sistemləri və su, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz edilib. (Report)