
"Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin VII turunda çinli Dinq Lirenlə heç-heçə etdiyi görüşdən sonra mətbuat konfransında deyib. 34 yaşlı qrossmeyster bildirib ki, məğlub olduğu hindistanlı Vişvanatan Anandla oyundan sonra növbəti turadək toparlanmaqda daim çətinlik çəkir: "Aniş Giri ilə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Veselin Topalovla partiya da yaxşı olmadı".
Məmmədyarov ilk "ShamkirChess" superturnirndə daha pis çıxış etdiyini xatırladıb: "Səhv etmirəmsə, həmin vaxt beş partiyada uduzmuş, bir oyunda qalib gəlmişdim. İndi isə qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdir. Turnirin qalibi olmağa isə şansım yoxdur. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov hazırkı superturnirdə 7 görüşündən 2-də uduzub, 5-də isə heç-heçə edib. Təcrübəli qrossmeyster hazırda 2,5 xalla 9-cu pillədə qərarlaşıb.