
Çinin Nankin (Nanjing) şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 2 təmsilçisindən 1-i mübarizəni erkən dayandırıb. Sportnet.az-ın məlumatına görə, bu, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında çıxış etmiş Ürfan Axundovdur.
Axundov təsnifat mərhələsində 6 atışda üst-üstə 548 xal (91, 93, 88, 94, 92, 90) toplayaraq, 20 iştirakçı arasında 16-cı yeri tutub. Bu nəticə ilə təmsilçimiz finala vəsiqə qazana bilməyib. Həlledici mərhələyə ilk "8-liy"ə düşənlər yüksəliblər.
Taekvondoçumuz Safiye Polat da elə ilk cəhddəcə mübarizəni dayandırıb. O, 1/4 finalda taypeyli Huay-Hsuan Huanqa 5:6 hesabı ilə uduzaraq, medalsız qalıb.
Bu gün həm də akademik avarçəkənimiz Boris Yotovun yarımfinaldakı bütün rəqibləri müəyyənləşib. Yotov ötən gün 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə finişə hamıdan tez çataraq, birbaşa yarımfinala vəsiqəni təmin etmişdi. İndi isə təsəlli yürüşündən sonra onun növbəti mərhələdəki 5 rəqibinin hamısı məlum olub. Bunlar yeni zelandiyalı Cek O Liri, avstraliyalı Tomas Şramko, almaniyalı Tim Ole Naske, polşalı Matyuş Svitek və argentinalı Joel Rabeldir. Yarımfinal yürüşü avqustun 19-da olacaq. İlk 3 yeri tutanlar əsas finala yüksələcəklər.
Qeyd edək ki, Nankin olimpiadasının ilk yarış günündə təmsilçilərimiz 3 gümüş medal qazanıblar. Cüdoçularımızdan Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq), eləcə də taekvondoçumuz Ceren Özbek (44 kq) yalnız finalda uduzub.