Avropa Liqasının qrup mərhələsində baş tutacaq "Dnepr" - "Qarabağ" oyunu öncəsi hər iki klubla bağlılığı olan bir neçə maraqlı fakt üzə çıxıb. Sportnet.az komandalarla bağlı maraqlı tarix və statistikanı təqdim edir...
Ukrayna klubunun əsas heyət oyunçusu Sergey Kravçenko azərbaycanlı azarkeşlərə yaxşı tanışdır. 31 yaşlı yarımmüdafiəçini azərbaycanlı futbolsevərlərə məhz "Qarabağ" tanıtdırıb. Təcrübəli futbolçu 2005-ci ildə Ağdam klubunun heyətində çıxış edib. 12 oyunda "Qarabağ"ın formasını geyinən Kravçenko 3 qol da vurub.
Hazırda isə o, Dnepropetrovsk təmsilçisinin aparıcı oyunçularından biridir və "Qarabağ"la qrup mərhələsinin 3-cü turunda meydana çıxma ehtimalı böyükdür.
Bundan başqa, ağdamlıların əsas heyət üzvü Ansi Aqoli "Dnepr"in gürcü hücumçusu Caba Kankava ilə Ukraynada komanda yoldaşı olub. 2009-2010-cu illər mövsümündə alban müdafiəçi Kankava ilə birgə Krivoy Roq təmsilçisi "Krivbass"ın şərəfini qoruyub. Aqoli Azərbaycana məhz Ukraynadan gəlib.
Başqa bir maraqlı məqam budur ki, tarix ərzində Azərbaycan və Ukrayna klubları avrokuboklarda bir dəfə üz-üzə gəliblər və həmin klub məhz "Krivbass"dır. 1999-2000-ci illər mövsümündə ovaxtkı UEFA Kubokunun təsnifat mərhələsində Ağasəlim Mircavadovun başçılıq etdiyi "Şəmkir"ə rəqib olmuş ukraynalılar hər iki görüşdə qalib gəliblər - 2:0, 3:0.
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremlə əlaqəli maraqlı məqam isə "Dnepr"lə oyun öncəsi doğum gününü qeyd etməsi olacaq. Makedoniyalı futbolçunun oktyabrın 22-də 26 yaşı tamam olacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu oktyabrın 23-də keçiriləcək.
Elvin ƏHƏD
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |