
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AVRO-2016-nın seçmə mərhələsində Malta ilə keçiriləcək oyun üçün heyəti açıqlayıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssisin radikal qərarlarla diqqət çəkib.
Prosineçki qarşıdakı oyuna 24 futbolçu dəvət edib ki, onlardan 6-sı legionerdir. Əcnəbi klublardan çağırılanlar arasında İspaniya "Qranada"sının hücumçusu Eddi İsrafilov da var. Yerli klublara gəldikdə, "Qarabağ"ın 7, "İnter"in 6, "Qəbələ" və "Sumqayıt"ın hərəyə 2, "Xəzər Lənkəran"ın isə 1 futbolçusu dəvətlilər sırasındadır. "Neftçi", "Simurq", AZAL və "Bakı"nın yerli futbolçularına isə Prosineçki lüzum görməyib.
Fevralın son günlərində Antalyada hazırlıq keçmiş milli komandanın heyəti ilə müqayisədə, bir neçə futbolçu indi Malta ilə görüşü kənardan izləməli olacaq. Hərçənd, yığmaya yenə eyni sayda oyunçu dəvət alıb. Prosineçki ötən toplanışa "Qarabağ"ın 6 üzvünü dəvət etmişdisə, bu dəfə onların sayı 7-yə yüksəlib. Antalya toplanışında iştirak etməyən Cavid Tağıyev Malta üçün hazırlıqlara qoşulacaq.
"Qəbələ" bu dəfə millidə 2 futbolçu ilə təmsil olunacaq. Yığma ilə birgə Türkiyəyə aparılmış Elvin Camalov gənc olduğundan və ya Prosineçkinin etimadını doğrultmadığından, AVRO-2016-nın seçmə mərhələ oyununda çıxış etməyəcək. Zədə səbəbindən fevralda keçirilmiş təlim-məşq prosesinə qoşulmayan Rəşad Sadiqov da millidəki yoldaşlarından uzaq qalıb.
"Xəzər Lənkəran"dan yalnız Rahid Əmirquliyev milliyə dəvət alan futbolçular siyahısındadır. Berti Foqts dönəmində yığmanın daimi üzvünə çevrilmiş Rasim Ramaldanov və Prosineçkinin rəhbərliyi altında Atalyadakı hazırlıq prosesində iştirak etmiş Ağabala Ramazanov bu dəfə millinin formasını geyinmək hüququ qazanmayıb.
Prosineçki həmçinin qardaş ölkədə hazırlıq prosesinə qoşulan "Sumqayıt"ın üzvü Orxan Əliyevi də milli komandaya layiq bilməyib.
Millidə görməyə adət etdiyimiz İlkin Qırtımov və son zamanlar uğurlu çıxış edən Rəşad Eyyubov da bu dəfə diqqətdən kənarda qalıb. Hazırda 11 qolla Premyer Liqanın bombardiri olan Nurlan Novruzov da yığmanın formasını geyinmək şərəfinə nail olmayacaq.
AZAL-da demək olar ki, hazırda millidə çıxış etməyə layiq futbolçu olmadığından Prosineçki "təyyarəçilər"ə dəvət göndərməyib.
Prosineçki Antalya toplanışına Premyer Liqada təxirə salınan oyun olduğu üçün "Neftçi" və AZAL komandalarından heç bir futbolçunu dəvət etməmişdi. Amma bu dəfə də baş məşqçi flaqmanın oyunçularına ehtiyac duymayıb. "Ağ-qaralar"ın
heyətində Elvin Yunuszadə, Araz Abdullayev və Rauf Əliyevin milliyə dəvət olunacağı gözlənilsə də, Prosineçki adıçəkilən futbolçuların heç birinə ehtiyac duymayıb. Yığmanın əsas qol silahlarından sayılan Əliyevin yoxluğunun və Prosineçkinin bu addımının nə dərəcədə effektli olub-olmamasını isə zaman göstərəcək.
Millinin heyəti
Qapıçılar: Səlahət Ağayev ("İnter"), Andriy Popoviç ("Sumqayıt"), Kamran Ağayev ("Kayserispor", Türkiyə)
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi "İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Mahir Şükürov ("Karşıyaka, Türkiyə)
Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev, Namiq Ələsgərov (hamısı "Qarabağ"), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi "Qəbələ"), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı "İnter"), Dmitri Nazarov ("Karlsrue", Almaniya), Eddi İsrafilov ("Qranada", İspaniya)
Hücumçular: Vüqar Nadirov ("Qarabağ"), Məhəmməd Qurbanov ("Sumqayıt"), Ruslan Qurbanov ("Hayduk" Split, Xorvatiya), Vaqif Cavadov ("Boluspor", Türkiyə)