
“Təbriklər üçün hər kəsə təşəkkür edirəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın “Vaşaş Obuda” komandasının heyətində ölkə kubokunun qalibi olması ilə bağlı danışarkən deyib.
O, beşinci dəfə Macarıstan Kubokunun qalibi olduğunu xatırladıb: “Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm. Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.