
Avropa Qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Maribor şəhərində keçirilmiş 9 günlük hazırlıq prosesində Faiq Qarayevin baş məşqçi olduğu komanda Sloveniya yığması ilə birgə məşqlər edib.
Həmçinin, milli ABŞ-nin “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesabı ilə qalib gəlib.
Hazırlıq prosesinin növbəti mərhələsi üçün Azərbaycan yığması bu gün Sloveniyadan Yunanıstana yola düşüb.
Mayın 24-dək davam edəcək toplanış zamanı da yoxlama oyunları nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Qızıl Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq görüşlərdə rəqiblər Macarıstan və Sloveniya olacaq.