
Basketbol üzrə XXXI Azərbaycan Çempionatının başlama tarixi və reqlamenti müəyyənləşib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümü sentyabrın 28-də başlanacaq.
Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:
A qrupu: "Sabah" BK, "Neftçi" İK, "Şəki" BK, "Abşeron Lions" BK, NTD BK, "Gəncə" BK
Müntəzəm çempionatın "A" qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. "B" qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir.
Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, "B" qrupunu lider bitirmiş komanda pley-off'un 1/4 final mərhələsinə vəsiqə qazanacaq. "A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.
Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü sıralamada ilk 8-likdə tamamlamış klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq ikinci liqada (ABL 2) mübarizə aparacaqlar.