
Türkiyəli mütəxəssis Ergin Ataman basketbol üzrə Avropa çempionatının ən yaxşı baş məşqçisi sayılıb.
Sportnet.az-ın məlumatına görə, Atamanın rəhbərlik etdiyi Türkiyə millisi Latviyanın paytaxtı Riqada keçirilmiş nüfuzlu yarışda finaladək irəliləyib.
Həlledici qarşılaşmada Almaniyaya 83:88 hesabı ilə uduzan "ay-ulduzlular" 24 ildən sonra yenidən gümüş medal qazanıblar.
Qrup mərhələsini məğlubiyyətsiz başa vuran "12 dev adam" ardından İsveç, Polşa və Yunanıstanı da üstələyib. Komandanın basketbolçusu Alperen Şengün rəmzi yığmaya düşüb. İlk "5-lik"də Dennis Şröder (Almaniya), Luka Donçiç (Sloveniya), Frants Vaqner (Almaniya), Yannis Adetokunbo (Yunanıstan) da yer alıb. Ən yaxşı oyunçu adını isə Şröder qazanıb.