
"İstənilən federasiya və idman növünün mahiyyəti qələbə ilə bağlıdır".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti, elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, yarışlar və turnirlərdə qələbə xoş hisslər yaradır.
Əmrullayev ikinci məqsədlərinin kütləviliyi təmin etməkdən ibarət olduğunu söyləyib: "Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. İdmanla bağlı olmayan adamların idmanı tənqid etmələri nonsensdir. Bizi zaman-zaman legioner cəlb etməkdə tənqid edirlər. Bunun cavabı çox sadədir: Olimpiadada iştirak etmək istəyirikmi? Əlbəttə, hamının istəyi təmsil olunmaqdır. İkinci sual budur ki, hansı üsulla? Qısa müddətdə buna nail olmaq çox çətindir. Ona görə də legionerlər gətirdik. Həqiqətdən danışırıqsa, hələ bir müddət yuxarı yaş qruplarında əcnəbilərin xidmətindən yatatlanacağıq".
Onun sözlərinə görə, Azərbaycan millisinin formasını geyinmək istəyən hər kəsə dəstək olmaq lazımdır.