Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 1-ci vitse prezidenti, milli komandanın baş məşqçisi Faiq Qarayev Yüksək Liqada çıxış edən kişilərdən ibarət komandaların baş məşqçiləri ilə görüşüb. Federasiyadan Sportnet.az-a verilən məlumata görə, F.Qarayev məşqçilərin problemləri ilə maraqlanıb.
Federasiya rəsmisi Naxçıvan, Sumqayıt komandalarına heyətlərinin gücləndirmələri tövsiyyə edib: "Bu gün Naxçıvanda komanda idman növlərində yalnız voleybol komandası var. Bu bizi AVF olaraq çox sevindirir. I dövrənin oyunlarıda Naxçıvanda keçirilib və böyük səs-səda yaradıb. Biz çalışırıq ki, kişilərdən ibarət milli komandamız Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etsin".
F.Qarayev komandaların hər birinə uğurlar arzu edib və yaxın zamanda daha güclü bir liqanın olacağını bildirib: "Ən önəmlisi isə avrokuboklarda kişi komandalarımızın iştirak etməsinə çalışmalıyıq".
Qeyd edək ki, bu liqada daha yaxşı oyunu ilə seçilən oyunçular milli komandaya cəlb oluncaq.