"Ötən gün keçirdiyimiz görüşlə müqayisədə oyunumuzu əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdıq. Bunun nəticəsində ABŞ-la qarşılaşmadakı çoxsaylı səhvləri təkrarlamadıq. Oyun planımızı sürətli qurduq və bu da qələbəmizlə nəticələndi".
Sportnet.az xəbər verir ki, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Odina Bayramova Yaponiyadakı dünya çempionatının II turunda Cənubi Koreya üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edərkən deyib. Yığmanın məşqçisi Famil Ağayev isə bildirib ki, ABŞ-a ilk turdakı 0:3 hesablı məğlubiyyətdən sonra oyun strategiyasını dəyişməyi qərara alıblar. Bu da uğurlu alınıb və Cənubi Koreyaya qalib gələ biliblər.
Rəqib komandanın kapitanı Kim Yonq Kunq bildirib ki, Azərbaycan millisi düşündüklərindən də güclü təsir bağışlayıb: "Düşündüklərimizi ilk 2 set ərzində ortaya qoya bilmədik. Qarşıda hələ 3 oyunumuz var. Çalışacağıq ki, var gücümüzlə çıxış edək".
Cənubi koreyalı baş məşqçi Ça He Von isə Azərbaycan yığmasının top qəbulu və hücumlarda çox sürətli olduğuna diqqət çəkib: "Matçın əvvəllərində biz bu sürətə cavab verə bilmədik. İlk setdə 8 səhvə yol verdik ki, bu da məğlubiyyətimizdə böyük amil oldu".