
Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında qrup mərhələsi başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi A qrupundakı son matçında Latviya ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (25:12, 25:18, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.
2020-ci il Avropa çempionatı üçün seçmə statusu da daşıyan yarışda baş məşqçi Emin Əbilovun komandası qrup mərhələsini sonuncu yerdə başa vurub. Yığma bunadək Ukrayna və Rusiyaya 0:3, Gürcüstana isə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, EEVZA çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. Avropa Çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.