"Rəqib bu gün yaxşı oynadı".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Sloveniyaya 1:3 hesabı ilə uduzduqları IV tur oyunu barədə danışarkən deyib.
Mütəxəssis Sloveniya seçməsinin müdafiədən yaxşı toplar çıxartdığını bildirib: "4-cü setdə 17:9 hesabı ilə öndə idik. Qızlar özlərində inam yaratmadılar. İki dəfə taym-aut götürdük. Amma həmin vaxt bir top götürə bilmədik və rəqib ardıcıl xallar qazandı".
Yusubov oyunçularda arxayınlığın olmadığını söyləyib: "İdmanda belə hallar olur. Bəzən irəlidə olduğun an məğlub olursan".
Baş məşqçi qarşıdakı iki görüşdən birində mütləq qələbə qazanmağın lazım olduğunu diqqətə çatdırıb: "Həmin qarşılaşmalardan birində qalib gəlib final mərhələsinə yüksəlməliyik. Bu gün şansımız var idi, amma onu əldən buraxdıq".