Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında beşinci oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıb. Görüş skandinaviyalıların qələbəsi ilə yekunlaşıb - 3:1 (25-17, 17-25, 25-21, 25-18).
Bununla da Azərbaycan yığması qrupu 5 oyundan 5 xalla tamamlayaraq, beşinci pilləyə enib. Qrupdan 1/8 finala 4-cü vəsiqənin taleyinə İsveç - Çexiya görüşündə aydınlıq gələcək. Çexiya rəqibindən xal ala bilsə, Güneyligilin komandası qrupda qalacaq.
Bu gün qrupun digər matçında Türkiyə yığması Yunanıstanı 3:0 hesabı ilə yenib. Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.