“Bəzi anlarda rəqib xal fərqini azaltmağa nail oldu”.
Sportnet.az xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdemir deyib.
Azərbaycan Basketbol Liqasının X turunda "Şəki"ni məğlub edən komandanın çalışdırıcısı oyuna nəzarət etdiklərini bildirib. Türkiyəli mütəxəssis səfər matçının əhəmiyyətindən danışıb: “Fasilədən sonra ilk oyunda mütləq qazanmalı idik. "Şəki"nin buna qədər qələbəsi olmasa da, oyunçularım görüşə tam motivasiya ilə köklənmişdilər. Psixoloji olaraq hazır idik. Çətin olacağını da bilirdik. Rəqib müəyyən anlarda bizə çətinlik yaratdılar, amma matça nəzarət bizdə idi. Basketbolçularım tez toparlana bildilər və qələbə qazandıq. Bu qarşılaşmada çox oyunçu dəyişikliyindən də istifadə edə bildim. Komandanı mövsümün 2-ci yarısına hazır hesab edirəm. Qarşıda bizi çox kritik oyunlar gözləyir. Bir məsələyə də toxunacam. Belə səfər oyunlarının olması çox yaxşıdır. Açıq danışsaq, xüsusilə legioner basketbolçularımız adından deyə bilərəm ki, Şəkiyə səfər etmək, belə gözəl bölgədə oyun keçirmək onları sevindirir və eyni zamanda liqamızda çıxış etməyə həvəsləndirir. "Şəki"yə bu oyuna görə də təşəkkür edirik. Komandamı isə qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, “Xırdalan” keçirdiyi 10 oyunun 5-də qələbə qazanıb, 5-də uduzub.