
"Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zets AVRO-2016-nın final mərhələsində çıxış edə bilər. Sportnet.az-ın məlumatına görə, Şehiçlə Zetsin oynamadıqları görüşdə Bosniya və Herseqovina millisi səfərdə Kipri
3:2 hesabı ilə yenərək, B qrupunda 3-cü yeri tutub.
Bu nəticə ilə Bosniya və Herseqovina "pley-off"a yüksələn 8 yığma arasına düşüb. Oktyabrın 18-də atılacaq püşk nəticəsində rəqib müəyyənləşəcək. Noyabrın 12 - 14-də və 15 - 17-də ev və səfər prinsipi ilə keçiriləcək "pley-off" oyunlarından sonra Fransaya son 4 vəsiqənin sahibi müəyyənləşəcək. Avropa çempionatının püşkü dekabrın 12-də, final mərhələsi isə gələn il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.
Qeyd edək ki, Ermin Zets yığmanın düşərgəsində zədələndiyi üçün Kiprlə oyunun sifariş ərizəsində yer almayıb. İbrahim Şehiç isə tsiklin əvvəlki oyunlarında olduğu kimi, yenə ehtiyatda qalıb. Daha öncə "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi də AVRO-2016-da iştirak hüququna yiyələnib.