ANAR ŞABANOĞLU
"İrəvanın fatehi" cüdoçu Elmar Qasımov 7 il öncə Ermənistanda Avropa çempionatının finalında udduğu çex Krpalekə Rioda uduzdu. O vaxtlar Qasımov 23 yaşadək cüdoçular arasında çempion olmuşdu.
Bu dəfə də Krpaleklə finalda qarşılaşdı. Amma görüş Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalına təsadüf etdi. Çex rəqibi Elmarın yenə qalib olmasına imkan vermədi. Buna baxmayaraq, Qasımovun "gümüş”ü ölkəmizdə böyük sevinclə qarşılandı.
Rüstəm Orucovun "gümüş”ünə də çox sevinmişdik. Hərçənd, ondan gözləntilər Elmarla müqayisədə daha çox idi. Rüstəm Rusiyada doğulub, bu ölkənin idmanının yetirməsidir. Əslən lerikli olan Elmar isə Xırdalanda anadan olub, Azərbaycan idmanının yetirməsidir. Onun dünyanın kiçik bir cənnət güşəsi Lerikdən 12 min kilometr uzaqda yerləşən başqa bir cənnət məkan Rio-de-Janeyroda qazandığı medal, rəngindən asılı olmayaraq, çox dəyərlidir.
Hələ 7 il öncə İrəvanda 1-ci yerə çıxıb bayragımızı ən yüksək zirvəyə ucaldan, himnimizi səsləndirən Qasımov bu uğurdan sonra vətəndə qəhrəmana çevrilmişdi. Avropa Oyunlarının bayraqdarı kimi də məhz onun seçilməsi təsadüfi deyildi. Amma Elmar İrəvan zəfərinin ardından qeyri-rəsmi milli qəhrəmana çevrilsə də, əksər idmançılarımız kimi "ulduz xəstəliyi”nə tutulub karyerasını bitirmədi. "Rio-2016”dakı 2-ci yer Elmarın son vaxtlar göstərdiyi sabit yüksək nəticələrin davamı idi. Təsadüfi deyil ki, olimpiadadan öncə dünya reytinqində idmançımız birinci sırada idi.
Elmarın bu uğuru həm də məmurlarımıza böyük bir mesajdır ki, yerli idmançılara güvənin! Legionerlərə yaratdığınız şəraiti özümüzkülərə yaradın! Legionerlərə verilən pulları uşaq idmanına verin! Ölkə idmanı belə inkişaf edəcək! Saxta, sözdə, Az.TV-də inkişaf yox, əsl inkişaf!
İndən sonra imkan verin azərbaycanlı uşaqlar rahat nəfəs alsın, haqq-ədalətlə, day-daysız, tapşırıqsız, rüşvətsiz hərə öz istedadına, qabiliyyətinə uyğun yerlərə gəlsin! Yeni Nicatlar, Ramillər olmasın. Daha doğrusu, olsun! Amma yetişib medalları doğma ölkələrinə qazandırsınlar, Azərbaycan idmanının inkişafına xidmət etsinlər.
Əşi, nə isə... Halal olsun, Elmar! "Tokio-2020”də qızıl medal sənin olacaq!