1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimovun xatirəsinə...
2011-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunun yubiley tədbirində idik. Mərkəzi arenanın mərhum direktoru Akif İsmayılov məhdud sayda qonaq arasında jurnalistlərə bir stol ayırmışdı. Mərasimə gənclər və idman naziri Azad Rəhimov da qatımışdı.
Məclis boyunca Frenk Sinatranın "My Way" mahnısı dəfələrlə disklə oxuduldu. Həmin vaxt bu mahnının sadəcə, mərasimin ab-havasına uyğun səsləndirildiyini düşünürdüm.
Ötən gün vəfatı xəbərindən sonra nazirin bir neçə yerdə bu mahnını canlı ifa etdiyi videolarını izləyəndə 10 il əvvəlki mərasimi xatırladım. Amma həmin vaxt Azad Rəhimovun canlı "My Way" oxuyub-oxumadığını yadıma sala bilmədim.
Bununla belə, aydın oldu ki, bu mahnı təsadüfən səsləndirilməyib. Demə, nazirin sevimli mahnısı imiş və həmin məclisin ən ali qonağının şərəfinə səsləndirilirmiş...
"My Way" kompozisiyasının maraqlı sözləri var. Ümumi məzmun olaraq, mənalı ömür sürən şəxsin ölüm öncəsi hesabatı da adlandırmaq mümkündür. Frenk Sinatranın tərcümeyi-halı ilə tanış olanda da, Azad Rəhimovun şəxsən tanıdığım 15 ilinə nəzər salanda da hər ikisinin həyat dolu insan, firavan yaşayış nümunəsi olduğu görünür. Düzdür, azərbaycanlı nazir amerikalı müğənni qədər - 83 il yaşamadı. Amma hər ikisi insanın həyat eşqini daha da artıran, "Elə nə varsa, bu dünyada var" düşüncəsini isbatlayan ömür sürdü.
Azad Rəhimov 57 ilinə nələri sığdırmadı? Əvvəla, əsilli-köklü ailədə doğulub boya-başa çatdı. Gənclik illəri vəzifələrdə, biznes fəaliyyəti ilə keçdi. Və cəmi 42 yaşında gənclər və idman naziri təyin olundu.
Nazir kimi 15 ilini də demək olar ki, ürəyi istədiyi kimi keçirdi. O mənada ki, idmanda qazanılan uğurlardan zövq aldı, yetərincə sevindi. İdmançılarımız Avropa və dünya çempionatlarında uğurlar qazandılar, Pekin, London və Rio Yay Olimpiya Oyunlarında medallar arta-arta getdi. Bakı-2015 və Minsk-2019 Avropa Oyunları, Bakıda "Formula 1" mərhələsinin keçirilməyə başlaması onun dövrünə təsadüf etdi.
Doğrudan da Azad Rəhimov fərqli insan idi: Hər kəslə öz dili, həm də lazım gəldikdə xarici dillərdə danışmağı bacaran, şən, zarafatcıl, amma kimsə gözündən düşdüsə, ona qarşı barışmaz. Elə bir idmançı olmazdı ki, ondan narazılıq etsin, hətta kənarda da nə isə danışsın. Çünki özü hamı ilə dost-qardaş idi.
ABŞ-dan geri dönüşü uzandıqca, açığı, onun nazir kimi fəaliyyətini davam etdirəcəyinə şübhələr yaranırdı. Bu halda ortaya suallar doğurdu: Görəsən, bu postda Azad Rəhimovu kim əvəzləyə bilər? İdman ictimaiyyətinə yaxından bələd olan şəxs kimi deyirəm: Bu cür işgüzar, təşkilatçı, təşəbbüskar gənclər və idman naziri tapmaq çox çətin olacaq.
Allah rəhmət eləsin...