
Vilnüsdə Litva Antidopinq Agentliyinin (LTUNADO) 20 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Azərbaycanı Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
AMADA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, konfransda antidopinq təşkilatlarının inkişafı, əməkdaşlıq perspektivləri, təşkilati transformasiya və idman qurumlarının oyun sənayesi ilə əlaqəsi müzakirə olunub.
Tədbir çərçivəsində AMADA ilə LTUNADO arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə AMADA-nın rəhbəri Təhminə Tağı-zadə və LTUNADO-nun direktoru Ruta Banite qol çəkiblər.
Memorandum tərəflər arasında elmi tədqiqatlar, təhsil layihələri, testetmə, nəticələrin emalı, terapevtik istifadəyə icazə və digər sahələrdə əməkdaşlığı gücləndirəcək. Əməkdaşlıq həmçinin Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət edəcək.