İtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Kyeza atası Enriko Kyeza ilə münasibətlərindən danışıb.
Sportnet.az-ın məlumatına görə, "Times" nəşrinə müsahibə verən 21 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qolu da xatırlayıb: "Peskara" ilə oyunda qırmızı vərəqə almışdım. Həmin vaxt atam 3 gün mənimlə danışmadı. Amma "Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı".
Qeyd edək ki, Federiko Kyeza 2016-2017 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qarabağ"la oyunda fərqlənib. Hücumçu 76-cı dəqiqədə komandasının ikinci qolunu vurub. Bundan 8 dəqiqə sonra isə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Görüş "Fiorentina"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Federiko Kyeza 1996 - 2001-ci illərdə İtaliya milli komandasında çıxış etmiş məşhur Enriko Kyezanın oğludur.










































































