Bakıda keçirilən ənənəvi beynəlxalq Böyük İpək Yolu turnirinin dördüncü günündə kişi boksçular arasında 1/4, qadınlarda 1/2 final mərhələsi başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən 50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib.
Dünya çempionu hər 3 raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.
Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmovu 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. Aşırəliyev növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Mouates Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.
Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Əliyev yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.
Beləliklə, kişilər arasında aprelin 6-da keçiriləcək yarımfinal mərhələsində Azərbaycanın 19 boksçusu rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı 3-cü yeri təmin ediblər.
Qadınlardan ibarət milli üzvlərindən isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.














































































