"Sabah Dieqo Armando Maradonanın vəfatının ildönümüdür. Onun komandamız üçün hansı anlamı daşıdığını hamımız bilirik. Ona qələbəni həsr etmək əla olardı".
Sportnet.az-ın məlumatına görə, bunu İtaliya "Napoli"sinin baş məşqçisi Antonio Konte noyabrın 25-də evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan təmsilçisini belə dəyərləndirib: "Qarabağ"ı Çempionlar Liqasının tapıntısı saymaq olar. Göstərdiyi nəticələr sırasında "Benfika" üzərində qələbə və "Çelsi" ilə heç-heçə də var. Onlar çoxlu legionerə malikdirlər. Lakin çox yaxşı inteqrasiya olunublar. Yüksək templəri, keyfiyyətli oyunçuları var. Biz əla oyun sərgiləməliyik".
Konte bu mövsüm çoxsaylı zədələrlə üzləşdiklərini xatırladıb. Lakin onun fikrincə, hər bir baş məşqçi həll yolunu tapmalıdır: "Güc və enerjimizi toplamalıyıq. "Atalanta" ilə A Seriyasındakı XIII tur matçımız bizdən güc və enerji aldı. Gərgin oyun keçirdik. Ötən oyundan müsbət məqamları götürəcəyik. Sabah bizi daha bir vacib oyun gözləyir. Bu, Çempionlar Liqasındakı gələcəyimizə ciddi təsir edən görüş olacaq. Hər şeyimizi ortaya qoymalıyıq".
Baş məşqçi zədələrdən danışarkən Romelu Lukakunun da hələ meydana çıxmağa tam hazır olmadığını açıqlayıb.
Qeyd edək ki, Neapol şəhərindəki Dieqo Armando Maradona stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.











































































