UEFA Çempionlar Liqasının V turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra İtaliya "Napoli"sinin baş məşqçisi görüşlə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis stadiondakı ab-havanın xüsusi olduğunu bildirib.
“Biz Dieqo Armando Maradononu xatırlayırdıq. Hamımız onun xatirəsini ən yaxşı şəkildə anmaq istəyirdik. Ona görə də bütün gedişatdan məmnunam”, - deyə o vurğulayıb.
Baş məşqçi “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin çıxışına da toxunub: “Onların qapıçısı bir neçə möhtəşəm qurtarış etdi, elə görünürdü ki, biz qol vura bilməyəcəyik. Amma komandanın tam fokuslandığını gördüm. Bununla qürur duyuruq. Futbolçular öz vəzifələrini yerinə yetirirlər”.
O, ümumi oyunla bağlı da məmnunluğunu ifadə edib: “Mən oyundan razı qaldım. Qarşımızdakı komanda ilə oynamaq çətindir. Bu mövsüm ciddi nəticələr əldə ediblər. Çətin oyun idi, amma çox məmnunam”.










































































