"Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İtaliyada "Napoli"nin qonağı olub.
Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunklaşıb - 2:0.
İlk yarı bərabər mübarizə şəraitində keçib. Hər iki komandanın əlverişli imkanları olsa da, fasiləyədək qapılara qol vurulmayıb.
İkinci hissədə meydan sahibləri təzyiqi artırıblar. 51-ci dəqiqədə Kevin Medina yaxın məsafədən vurulan top zərbəsi sifətinə tuş gəldiyi üçün yerə yıxılıb. Kolumbiyalı müdafiəçi həkim müdaxiləsindən sonra ayağa qalxaraq, oyuna davam etsə də, cəmi 10 dəqiqə sonra Sami Mmae ilə əvəzlənməli olub.
56-cı dəqiqədə isə "Napoli" penalti qazanıb. Lakin "Qarabağ"ın qapıçısı Mateuş Koxalski Rasmus Höylunnun zərbəsini dəf edibb.
Koxalski oyun ərzində daha bir neçə təhlükəli zərbəni dəf edib. 65-ci dəqiqədə o, Bəhlul Mustafazadədən gələn topu da qaytarıb, lakin Skott Maktominey təkrar vuruşla topu qapıya göndərib. 72-ci dəqiqədə isə Marko Yankoviç rəqibin zərbəsindən sonra topu öz qapısına göndərib.
Beləliklə, "Qarabağ" Liqa mərhələsində 2-ci məğlubiyyətlə üzləşib. Azərbaycan təmsilçisi ilk dəfə oyunu qolsuz tamamlayıb.
"Napoli" isə ikinci qələbəsini qazanaraq, xalını 7-yə çatdırıb və "Qarabağ"la bərabərləşib.
------------------
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv İtaliyada "Napoli"nin qonağı olacaq.
Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlanacaq.
Görüşü polşalı baş hakim Tomaş Martsinyak idarə edəcək.
4 turdan sonra "Qarabağ" 7 xalla 15-ci, "Napoli" isə 4 xalla 24-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivdən fərqli olaraq, Antonio Kontenin rəhbərlik etdiyi komanda bu mövsüm Çempionlar Liqasında qeyri-sabit çıxış edir. Baxmayaraq ki, "Napoli" də ölkə çempionu olub və hazırda İtaliya A Seriyasında "Qarabağ" kimi lider mövqeyindədir.
Bununla belə, Neapol klubu əfsanəvi futbolçusu Dieqo Armando Maradonanın vəfatının 5-ci ildönümünə təsadüf edən qarşılaşmadan qalib ayrılmaq və qələbəni mərhum hücumçusuna həsr etmək niyyətindədir.
"Qarabağ" isə qalib gələcəyi təqdirdə, Çempionlar Liqasında pley-off mərhələsini böyük ölçüdə təmin edə bilər.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
25 noyabr
00:00. "Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0
Qollar: Skott Maktominey, 65. Marko Yankoviç, 72 (öz qapısına)
Qolla nəticələnməyən penalti: Rasmus Höylunn, 56 ("Napoli")
Hakimlər: Şimon Martsinyak, Tomaş Listkeviç, Adam Kupsik, Voytsex Mik (hamısı Polşa)
VAR hakimi: Pol van Bökel (Niderland)
VAR hakiminin köməkçisi: İvan Bebek (Xorvatiya)
Hakim-inspektor: Paskal Qaribyan (Fransa)
UEFA nümayəndəsi: Pidar Rayan (İrlandiya)
Neapol, "Dieqo Armando Maradona" stadionu.
















































































