"Qarabağ" İtaliyada "Napoli"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyunundan əvvəl şəhər gəzintisinə çıxıb.
Sportnet.az "Calcionapoli24" nəşrinə istinadən xəbər verir ki, noyabrın 23-dən Neapolda olan klub əməkdaşları və oyunçular mağazalara gedib, restoranlarda nahar və şam ediblər.
Yerli media bunu Çempionlar Liqasında çıxış edən klub üçün təəccüblü hal adlandırıb.
Bildirilir ki, "Qarabağ"ın bütün futbolçuları noyabrın 23-də axşam saatlarında "Palazzo Caracciolo" oteli ətrafına tanışlıq ekskursiyasına çıxıblar. Ertəsi gün isə onların bir çoxu alış-verişə gedib və şəhərin digər hissələrində nahar ediblər.
İtaliyalı jurnalistlərdən biri oyunöncəsi mətbuat konfransında baş məşqçi Qurban Qurbanova bununla bağlı sual ünvanlayıb. 53 yaşlı mütəxəssisin cavabı isə belə olub: "Ümumiyyətlə, biz hər bir səfərə getdikdə, istənilən şəhərdə olduqda, futbolçulara bir neçə saatlıq sərbəstlik veririk. Xüsusən də Napoli kimi gözəl şəhəri, antik binaları görmək hər bir futbolçunun arzusudur. Ona görə də biz onlar üçün belə şərait yaradırıq. Burada ciddi problem görmürəm. Biz istənilən şəhərdə, istənilən yerdə belə bir addım atırıq".
Qeyd edək ki, bu gün "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə gecə saat 00:00-da başlanacaq.














































































