"Çox gözəl şəhərdə çox böyük tarixə malik kluba və çox böyük baş məşqçinin komandasına qarşı oynayacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis çox vacib görüşə çıxacaqlarını bildirib: "Rəqib Çempionlar Liqasının turnir cədvəlində öz yerini daha da yaxşılaşdırmaq istəyir. Buna görə də matça çox ciddi hazırlaşırlar. Ümumiyyətlə, Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram və salamlarımı çatdırıram".
Qurbanov qarşılaşmaya pis hazırlaşmadıqlarını vurğulayıb: "Öz oyun nizam-intizamımızı sonadək qoruyub-saxlamağı və yaxşı, dinamik futbol oynamağı çox istərdim. Bu stadion, bu azarkeş və bu rəqibə qarşı yaxşı oyundan həzz almağı çox istərdim".
Baş məşqçi italiyalı jurnalistlərə isti münasibət və xoş sözlərinə görə təşəkkür edərək, Çempionlar Liqasındakı nəticələrə toxunub: "Reallığa baxsaq, bəlkə də Azərbaycan klubu hazırda belə bir böyük turnirdə oynamalı deyil. Amma bizim uzun illər bu klubda gördüyümüz işlər, missiyamız ildən-ilə maksimum daha da irəli getmək üçündür. Əlbəttə, bu, ən yüksək klub turniridirsə, arzumuz bacardığımız qədər iştirak etməkdən ibarətdir. Digər tərəfdən, Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmışıqsa, oyunlardan həzz almaq istəyirik. Maksimum nəticə olmasa belə, öz oyunumuzla, belə böyük klublara qarşı cəsarətlə mübarizə aparmaq niyyətindəyik. Görüşlərə belə məsuliyyətlə yanaşırıqsa, deməli, nəticə də əldə etmək olar. Əlbəttə, nəticələrimizə görə həm sevinirik, həm də özümüzə inam daha da çoxalır".














































































