"Uzun müddət bir klubda çalışmaq ilk olaraq, böyük məsuliyyət tələb edir. Digər tərəfdən də çox şadam".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından öncə mətbuat konfransında italiyalı jurnalistin sualına cavab olaraq deyib.
Həmkarımız ona "17 il ərzində eyni yerdə necə qalmaq olar?" sualını ünvanlayıb. Qurbanov isə səbəbini belə izah edib: "Qarabağ" Azərbaycanın elə bir klubudur ki, bu adın özü bizim üçün çox fərqlidir. Çünki ölkənin dəyərli adı, simasıdır. Yəqin ki, hər şeydən məlumatınız var. Baxmayaraq ki, biz bölgə klubuyuq, amma uzun illər bu klubu Bakıda yaşatmışıq, bu klub paytaxtda böyüyüb. Təkcə mən yox, 17 il ərzində biz rəhbərliyimizlə birlikdə olmuşuq. Hətta onlar məndən bir neçə il öncə bu kluba rəhbərlik etməyə başlayıblar. Bu ada görə azərbaycanlı kimi məsuliyyətim daha da çoxalıb. Klubu daha da uğurlu etmək üçün öz iş saatımı daha da çoxaltmışam. Rəhbərliklə birlikdə yaxşı kollektiv formalaşdırmışıq və bu gün bir yerdəyik".
"Çox istərdim ki, daha yaxşı nəticələrimiz olsun, amma bugünkü nəticələrimiz də bizi sevindirir. Belə bir dost, ailə kimi güvənli kollektiv olduğu üçün 17 ildir bu klubdayam", - deyə 53 yaşlı mütəxəssis fikirlərini tamamlayıb.
Qeyd edək ki, bu gün Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə gecə saat 00:00-da başlanacaq.













































































