"Rəqib baş məşqçi Antonio Konte və komandanı təbrik edirəm. Məğlubiyyətə baxmayaraq, komandamdan razı qaldım. Oyunçularım çəkinmədilər və sonadək mübarizə apardılar, cəsarətli oyun göstərdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli"yə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, çox keyfiyyətli futbolçulara malik kollektivlə qarşılaşmalarına baxmayaraq, qabiliyyətli oyun sərgiləyiblər: "Belə də davam etməliyik. Yenə deyirəm, biz hər oyundan həzz almalı və daha da böyümək üçün daha da inamlı çıxış etməliyik".
Qurbanovun sözlərinə görə, hər şey düşündükləri kimi olub: "Sadəcə, rəqib komanda 5 müdafiəçili sistemdən 4 müdafiəçiyə keçəndə oyunu 8-10 dəqiqə itirdik. Bu müddətdə komandamızda anlaşılmazlıq oldu və bununla da oyunun taleyi, demək olar ki, həll olundu. Rəqib indiyədək 4-lü müdafiə sistemi ilə oynayırdısa, bu gün 5-li müdafiəyə keçmişdi. Özü də bu taktik dəyişiklik futbolçularımız yorulduqları vaxt baş verdi. Beləliklə, futbolçuların ustalıqlarından istifadə etdilər. Qollar da çox bəsit deyildi. Futbolçulara hansısa irad bildirəsi epizodlardan olmadı".
Təcrübəli baş məşqçi Kevin Medinanın zədəsinin oyuna təsirindən də danışıb: "Belə oyunlarda düşünülməmiş əvəzetmə gedişata təsir göstərir. Bəzən planlarımı futbolçular meydanda fərqli şəkildə yerinə yetirirlər. Amma Sami Mmae heç də pis təsir bağışlamadı. Sadəcə, bəlkə də Medinanın son vaxtlar göstərdiyi performans və təcrübəsi daha fərqli, futbolçular daha inamlı ola bilərdi. Bu hadisə olmasaydı, daha yaxşı idi, amma oldu. Deməli, bu gün qalibiyyət "Napoli"nin olmalı idi".










































































