"Sumqayıt"ın rusiyalı futbolçusu Sergey Çernişevin Sportnet.az-a müsahibəsi
- Qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu matç bizim üçün çox əhəmiyyətli idi. Çünki turni cədvəli baxımından, biz sadəcə, qalib gəlməli idik. Əks halda, işimiz çətinləşəcəkdi. "Zirə" bizi keçdiyindən, 4-cü pilləni qaytarmalı idik. Buna da nail olduq. Erkən qoldan sonra işimiz asanlaşdı. Açığı, "Kəpəz" çox çətin komandadır. Onlarla oynamaq həmişə ağır olub. Bu, əvvəllər də belə idi, indi də. Qalib gəlməyimiz yaxşı haldır. Azarkeşlərimizə bizi dəstəklədikləri üçün minnətdaram".
- Bu gün daha çox nəyin sayəsində 3 xalı qazana bildiniz?
- Yaxşı hazırlıq keçmişdik. Baş məşqçimiz Samir Abasov bizi oyuna yüksək səviyyədə kökləmişdi. Hamı sakit tərzdə məşq etmişdi, heç bir gərginlik yox idi. Bu gün meydana çıxan hər kəs öz işini gördü. Fikrimcə, layiqli qələbə qazandıq. Hesab 3:0 olarkən, yenə qol vura bilərdik. Amma üzücü qol buraxdıq.
- Bu qoldan sonra qələbəni əldən verəcəyinizdən ehtiyatlanmadınız?
- Belə bir düşüncə var idi. Çünki ötən gün əvəzedici heyətimiz 3:0 hesabı ilə öndə olduğu halda uduzmuşdu. Amma peşəkar komandayıq. Hamının ailəsi, uşaqları var. Qalib gəlmək istəyirik. Yaxşı anlayırdıq ki, bir top da buraxsaq, qələbəni əldən verə bilərik. Vaxtında toparlandıq və rəqibə heç bir təhlükəli vəziyyət yaratmaq imkanı vermədik.
- Meydana çıxdığınız 3 oyunda 5 xal qazanmısınız. Avropa Liqasına vəsiqə şansınızı necə dəyərləndirirsiniz?
- Qış fasiləsindən sonra aparıcı komandalardan "Qəbələ" və "İnter"lə üz-üzə gəlmişik. Onlara layiqli müqavimət göstərərək, heç-heçəyə nail olmuşduq. Qalib də gələ bilərdik. Amma "Kəpəz"dən mütləq 3 xal almalı idik. İndi oyundan-oyuna daha da artırmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Heç bir halda uduzmaq olmaz, rəqibin kimliyindən, ev və ya səfərdə çıxış etməyimizdən asılı olmayaraq, xal qazanmaq lazımdır.
- Növbəti oyunda "Neftçi" ilə üz-üzə gələcəksiniz. Şansları necə qiymətləndirirsiniz?
- "Neftçi" qış fasiləsində yaxşı transferlər edib. Amma təcrübəmə əsasən deyə bilərəm ki, bir-iki oyunla, qısa müddətdə lazımi səviyyədə oynaya bilməzsən. Heç olmasa, yarım mövsüm lazımdır. Gedib oyunumuzu keçirəcəyik. Təbii ki, favorit "Neftçi" olacaq. Amma qorxulu bir şey yoxdur. "Qəbələ" ilə səfərdə kifayət qədər layiqli çıxış etmişik. Ona görə də problemin olacağını düşünmürəm.
- Daha öncə də ölkəmizdə "Rəvan" klubunda oynamısınız. Azərbaycan futbolunda nə dəyişib?
- Burada gənc ikən oynamışdım. Həmin vaxt çox balaca idim. Baş məşqçi mənə elə də etimad göstərmirdi. İndi isə daha təcrübəliyəm. Mənim üçün çempionat maraqlıdır, yaxşı komandamız var. Burada çoxlu legioner oynayır. Onları izləmək maraqlıdır. "Kəpəz"dən Dario Federikonu, "Qəbələ" və "İnter"in legionerlərini qeyd edərdim.