"Çox ciddi və lazımlı iş üçün toplaşmışıq. Sabah Bakı - Xankəndi veloyürüşünə start verəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi velosiped turuna həsr olunmuş mətbuat konfransında yarışın təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov deyib.
O, 2018-ci ilədək bu yarışlar böyük uğurla keçirildiyini xatıeladıb: "Sonrakı dövrdə COVID başladı və daha sonra müəyyən problemlərdən yarışlarımız dayandı. Bu il isə Azərbaycanda keçirilən yarışları bərpa etməyə fürsət tapdıq. Amma artıq Azərbaycan reallıqları başqadır. Torpaqlarımız azad olunub. Ona görə də yarış marşrutunu dəyişməyi və Bakıdan başlayaraq, Xankəndidə bitirməyi qərara aldıq".
Onun sözlərinə görə, 5 mərhələdən ibarət yarışda marşrut 850 km-dir, 21 şəhər və rayondan keçəcək: "Bu il at ili olduğundan və Qarabağa daha çox uyğun gəldiyindən, at simvolunu seçdik. 24 komanda iştirak edəcək. İran - ABŞ - İsrail münaqişəsi yarışa da təsir etdi. Maksimum 25 komandadan 24-ü iştirak edəcək. Daha çox komanda ilə işləyirdik ki, aralarından daha yüksək səviyyəlilərini seçək. Hadisələrlə əlaqədar müəyyən komandalar bura gələ bilmədilər. Komandalar İtaliya, İspaniya, Niderland, Qazaxıstan, Çin, Portuqaliya, Polşa, Mərakeş kimi ölkələri təmsil edir. Yəni, coğrafiyamız genişdir. Yarışın bütün mərhələləri Eurosport və CBC Sport telekanalı ilə canlı yayımlanacaq, axşam isə əsas məqamlar bir saatlıq verilişdə tamaşaçılara çatdırılacaq".
İlk mərhələ mayın 10-da 09:20-də Sea Breeze-dən start götürəcək, Bakı kəndlərindən keçməklə, Koroğlu metro stansiyasından Babək prospekti və Ağ şəhərə və Lökbatan dairəsindən Sumqayıta tərəf hərəkət edəcəklər və "gənclik şəhəri"ndə finiş olacaq.
Qaliblər mükafatlandırıldıqdan sonra ertəsi gün səhər ikinci mərhələ başlanacaq. Finiş bu dəfə İsmayıllıda olacaq.
Daha sonea Qəbələ - Mingəçevir, ardından Gəncə - Suqovuşan - Naftalan, sonda isə Tərtər - Ağdam - Füzuli - Zəfər yolu - Xankəndi marşrutu olacaq. Velosipedçi sayı çox olduğu və yollara görə Şuşaya giriş mümkün olmayacaq. Lakin iştirakçılar Xarı Bülbül festivalında iştirak edə biləcəklər.
Ələkbərov Azərbaycanın çox böyük hissəsinin qonaqlara təqdim olunacağını diqqətə çatdırıb: "Bunları etmək asan deyil. Canlı yayım və digər məsələlər var. Yayımın siqnalını ötürülməsi də xeyli əziyyət tələb edir. Amma nə lazımdırsa, etməyə çalışmışıq. Yarışın təşkilində bizə dəstək olan bütün qurumlara təşəkkür edirəm".




















































































