1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Velosipedçilər üçün yekun tədbir
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) 2018-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirib.
Sportnet.az xəbər verir ki, tədbir zamanı federasiyanın I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov görülən işlər barədə danışıb. O qeyd edib ki, ötən il ərzində Samir Cəbrayılov, Kiril Pozdnyakov, Sergey Omelçenko, Musa Mikayılzadə, Yelena Pavluxina, Kərim Şirəliyev və Viktoriya Sidorenko kimi idmançılarımız bir sıra nüfuzlu beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ölkədə baş tutan idman yarışlarında, xüsusən də iyunda Bakıda təşkil olunmuş BMX üzrə dünya çempionatının keçirilməsində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi olaraq vurğulayan federasiya rəsmisi bu işlərdə əməyi olanların hamısına minnətdarlığını bildirib.
Daha sonra AzVİF-in baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi Fərhad Əliyev başa çatmaqda olan il ərzində beynəlxalq yarışlarda əldə edilən nəticələr barədə məlumat verib. Onun sözlərinə görə, ilin əsas idman hadisəsi iyunda velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına Bakının ev sahibliyi etməsi olub və yarış Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə bu yarış ən yüksək səviyyədə baş tutub.
Planetin müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirilib, yarış 50-dən çox ölkədə canlı yayımlanıb. Turniri izləmək üçün gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyevlə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyindən məmnunluğunu diqqətə çatdırıb və bütün bunlara görə dövlət başçısına minnətdarlıq edib.
Qeyd olunub ki, 2018-ci ildə Azərbaycanın şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. Mayda Türkiyənin Ordu şəhərində təşkil olunmuş Açıq çempionatda yeniyetmə qızların kriterium yarışında Viktoriya Sidorenko fərqlənərək fəxri kürsün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüblər.
İyulda qardaş ölkənin Kastamonu şəhərində keçirilən beynəlxalq turnirdə gənclər kateqoriyasında fəxri kürsün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmanın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Yığma ümumi komanda hesabında da qalib olub.
Heyətində Elit və U-23 yığma komandalarımızın üzvlərinin yer aldığı "Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada "Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada "Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutublar. Martda Türkiyədə keçirilən Side Qran-Prisində "Synergy Baku” komanda hesabında 1-ci olub.
Dekabrın əvvəllərində Portuqaliyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı trek velosipedi üzrə ənənəvi "Prova Internacional Municipo de Anadia” turnirində Sergey Omelçenko keyrin növündə bürünc medala layiq görülüb. O, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına lisenzya almaq üçün hesabına 160 xal yazdırıb.
AzVİF və UCİ arasında şosse velosipedi üzrə U-23 yığmasının üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrədə yerləşən Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub. İdmançılar 2019-cu ilin yanvar - iyulunda hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlarda iştirak etməklə ustalıqlarını artıracaqlar.
İlin son günlərində AzVİF BMX velosipedi üzrə dünya çempionatının yüksək təşkilatçılığına görə təltif edilib. Gənclər və İdman Nazirliyinin ilin ən yaxşılarının adlarını açıqladığı tədbirdə federasiya "İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə" xüsusi mükafata layiq görülüb.
S.Ələkbərov əldə olunmuş uğurlarla yanaşı, mövcud olan bəzi çatışmazlıqları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. İdmanda dopinqə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyindən danışan S.Ələkbərov uğurlu nəticələrin təmiz mübarizə şəraitində qazanılması üçün Azərbaycan Milli Antidopinq Agentliyi ilə sıx əməkdaşlıq edildiyini, dopinqdən istifadənin ümumiyyətlə, xüsusən də yeniyetmələr arasında yolverilməz olduğunu, bu sahədə ciddi məlumatlandırma və maarifləndirmə tədbirləri aparmalı olan məşqçilər korpusunun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O qeyd edib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd Respublika Velotreki və BMX Veloparkı kimi mövcud idman qurğularından daha səmərəli istifadə etmək, yeniyetmə və gəncləri diqqət mərkəzində saxlamaqla onların inkişafına nail olmaq, klub və cəmiyyətlərin fəaliyyətini daha da gücləndirməkdir. Bu istiqamətdə Respublika Olimpiya Velosiped Məktəbinin fəaliyyəti bir müsbət nümunə kimi göstərilib.
2019-cu il üçün əsas prioritet istiqamətlərdən birinin "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanması olacağını diqqətə çatdıran S.Ələkbərov artıq həm şosse, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsinin start götürdüyünü və prosesin ilin sonunadək davam edəcəyini, bir neçə velosipedçinin bu işdə şanslı olduğunu bildirib.
Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılardan Ayan Xankişiyeva, Nəcəf Bağırov, Nikita Sitov, Viktoriya Sidorenko və Sergey Omelçenko, məşqçilərdən Əbülfəz Məmmədov, Aleksey Qorikov və digərləri, həmçinin AzVİF-lə yaxından əməkdaşlıq edən qurumların nümayəndələrinə federasiyanın mükafatları təqdim edilib.