Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 millisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb.
Azərbaycan Velosiped Federasiyasından (AVF) Sportnet.az-a verilən məlumata görə, 17 ölkədən 24 komandanın qatıldığı turnirin ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sınayıblar. Al-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 km məsafə qət ediblər.
Yarışda 6 velosipedçi ilə iştirak edən Azərbaycan yığması üzvləri mərhələni uğurla başa vurublar. İdmançılardan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Velosipedçi qalibdən 15 saniyə geri qalıb.
Musa Mikayılzadə 23-cü (11'48''64), Əli Qurbanov 75-ci (12'25''11), Nəcəf Bağırov 95-ci (12'39''80), Şahin Eyvazov 101-ci ( 12'47''23), Elgün Əlizadə isə 113-cü (12'52''58) yerlə kifayətləniblər.
Mərhələnin qalibi isə 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Team” klubunun böyük britaniyalı üzvü Qordon Kayl olub.
Qeyd edək ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.